Dövlət Sosial Müdafiə Fondunun investisiya fəaliyyətindən yəni müxtəlif sahələrə yatırımlarından əldə etdiyi gəlirlər açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu məlumatı Hesablama Palatası fondun 2027-cil üzrə büdcəsinə rəyində bildirib.
Yeni rəqəmlərə əsasən, Dövlət Sosial Müdafiə Fondu 2025-ci ildə investisiya fəaliyyətindən 120,5 milyon manat, 2026-cı ilin ilk 6 ayında isə 62,6 milyon manat gəlir əldə edib.
Fond pulunu əsasən dövlət zəmanətli istiqrazlara, əks-prepo əməliyyatlarına və bank depozitlərinə yatırır.
Belə ki, 2025-ci ildə Fond dövlət zəmanətli istiqrazlara 690 milyon manat, bu ilin I yarısında 197,5 milyon manat yatırıb.
Əks-repo əməliyyatlarına ötən il 1 milyard 210,5 milyon manat, bu ilin I yarısında 1 milyard 42,8 milyon manat, bank depozitlərinə isə ötən il 10 milyon manat vəsait yönəldib.
Ümumilikdə 2025-ci ildə investisiyaya yönəldilmiş vəsait 2024-cü illə müqayisədə 34 % çox olub.
DSMF-nin investisiya fəaliyyəti üçün xərcləri cüzidir – fonda 180 milyon manat gəlir gətirən investisiya fəaliyyəti zamanı bank və kommersiya xərci 2025-də 0,6 milyon manat, 2026-nın ilk 6 ayında isə 0,2 milyon manat olub.
İnvestisiya fəaliyyətindən əldə edilmiş gəlirdən ölkə Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamının icrası çərçivəsində 85,6 milyon manat vəsait ayrılıb. Həmin vəsaitdən ümumilikdə 12,9 milyon manat olmaqla, 2025-ci ilin dekabr ayında 12,1 milyon manat, 2026-cı ilin yanvar ayında isə 0,9 milyon manat məbləğ istifadəsiz vəsait kimi geri qaytarılıb.
Həmçinin Fondun 2026-cı ilin I yarısı üzrə investisiya fəaliyyətindən gəlir hesabına dövlət başçısının 25 dekabr 2025-ci il tarixli sərəncamının icrası çərçivəsində 56,65 milyon manat vəsait ayrılıb.
Yeri gəlmişkən, Hesablama Palatası DSMF-nin vəsaitlərin bir hissəsinin investisiyalara yatırmaq ideyasını uğurlu sayır və gələcəkdə fondun maliyyə dayanıqlığına töfhə verəcəyini bildirir.














