Dünyanın ən qabaqcıl elektromobil istehsalçısı olan “Tesla” şirkəti 3-cü model avtomobilinin təhlükəsizlik sistemində nöqsan tapan hakerə 1 milyon dollar mükafat vəd edib. Bu təklif yeni modelin cihazlarında zəif cəhətlərin aşkar edilməsi ilə bağlı təhlükəsizlik konfransında irəli sürülüb.
FED.az xəbər verir ki, bu hədəfə çatan ilk hakerlə yanaşı, əlavə nöqsanlar aşkar edən digərləri də 250 min dollara qədər mükafat ala biləcəklər. “Trend Micro” təhlükəsizlik firmasının baş direktoru Brayn Qorenc bildirib ki, yeni texnologiyalarda təhlükəsizliyin təmin olunması ən aktual məsələyə çevrilib: “Uzun illərdir istehsalçı şirkətlərin və istehlakçıların haker hücumlarından qorunması üçün müxtəlif proqramlar hazırlayırıq. Bu il biz dünyanın ən böyük şirkətlərindən biri ilə yeni texnologiya hazırladıq və onun hakerlərdən mühafizəsi məqsədilə ən mürəkkəb əməliyyatları yerinə yetirdik”.
“Tesla” bəyan edib ki, son iki ildə yalnız iki haker şirkətin avtomobillərində olan nöqsanı aşkar etdikləri üçün mükafat alıb. Avtomobil nəhəngi onu da əlavə edib ki, bu mükafatların verilməsi istehsal etdiyi modellərin təhlükəsizliyi və rahatlığı baxımından mühüm addımdır (azertag).