Sosial Tədqiqatlar Mərkəzinin Bakı və Abşeron sakinləri arasında keçirdiyi sorğu ictimai nəqliyyatdan istifadənin yüksək olmasına baxmayaraq, xidmət keyfiyyətinə dair ciddi narazılıqların mövcud olduğunu üzə çıxarıb.
Sərnişinlər niyə taksini seçir? - DETALLAR
Taksi sürücülərinin böyük əksəriyyəti Bolt ilə əməkdaşlıq edir
FED.az xəbər verir ki, sorğu nəticələrinə görə, respondentlərin 77.7%-i avtobus, 75.3%-i taksi, 59.7%-i isə metro xidmətlərindən istifadə edir. Bu göstəricilər ictimai nəqliyyatın gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyini göstərir. Əhali arasında şəhərətrafı dəmiryolu (6.2%) və digər nəqliyyat vasitələri (4.4%) nisbətən az istifadə olunur. 10.6% isə ümumiyyətlə ictimai nəqliyyatdan istifadə etmir.
Bununla belə, bu rəqəmlər sadəcə istifadə tezliyini deyil, xidmətlərlə bağlı narazılığı da əks etdirir. Avtobus nəqliyyatından istifadə edənlərin 57.7%-i bu sahədəki vəziyyətdən narazıdır. Sıxlıq, uzun gözləmə vaxtı və marşrut problemləri bu narazılıqların başlıca səbəblərindəndir.
Metro istifadəçilərinin 24.7%-i, taksi istifadəçilərinin isə 22.9%-i göstərilən xidmətlərdən razı olmadığını bildirib. Bu isə göstərir ki, hər nə qədər metro və taksi xidmətləri daha nisbətən müasir və rahat sayılsa da, sərnişin məmnuniyyəti tam təmin olunmayıb.
Məlumatlar həm ictimai nəqliyyatın böyük sosial yük daşıdığını, həm də bu sahədə ciddi keyfiyyət və infrastruktur problemlərinin olduğunu ortaya qoyur. Xidmət təminatçıları üçün bu nəticələr gələcək islahatlar üçün önəmli siqnaldır.