Bakı və Abşeron ərazisində yaşayan əhalinin taksi xidmətlərindən istifadə vərdişləri ilə bağlı Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən sorğunun nəticələri bu sahədəki davranış modellərini aydın şəkildə göstərir. Nəticələr göstərir ki, taksi xidməti paytaxt sakinləri üçün əsasən rahatlıq və vaxt qazanmaq baxımından ön plandadır.
Taksi sürücülərinin böyük əksəriyyəti Bolt ilə əməkdaşlıq edir
Yeni eranın taksiləri - HİBRİDLƏR ÖN PLANDA
FED.az xəbər verir ki, respondentlərin 57.6%-i ayda bir neçə dəfə, 30.7%-i həftədə bir neçə dəfə, 9.3%-i isə gündəlik olaraq taksi xidmətlərindən istifadə etdiyini bildirib. Bu, taksidən daha çox ehtiyac yarandıqda və planlı şəkildə istifadə olunduğunu göstərir.
Taksi xidmətlərinə üstünlük verilməsinin əsas səbəbi isə rahat və sürətli olmasıdır (65.2%). Bu göstərici taksinin gündəlik həyatda vaxtın qənaəti baxımından nə qədər önəmli olduğunu göstərir. Sorğunu cavablayanların 31.4%-i taksini ucuz və sərfəli, 26.9%-i isə avtobusların vaxtında gəlməməsi səbəbindən seçdiyini bildirib. Bundan əlavə, ictimai nəqliyyatda sıxlıq (21.4%) və marşrut xətlərinin uyğunsuzluğu (14.8%) da vətəndaşların taksiyə yönəlməsində rol oynayan əsas amillərdəndir. Sorğu iştirakçılarının 6,6%-i isə taksinin təhlükəsiz olduğuna inanır.
Sərnişin narazılıqları:
Taksi istifadəçilərinin narazı qaldıqları məqamlar da diqqət çəkir. Sorğu iştirakçılarının 41.0%-i minik avtomobilinin vəziyyətinin qənaətbəxş olmadığını, 36.9%-i sürücünün telefondan istifadə etdiyini, 30.7%-i isə sürücünün siqaret çəkməsindən narahat olduğunu bildirib. Eyni zamanda, 22.4% sürücü mədəniyyətinin aşağı, 20.0% yol hərəkəti qaydalarının pozulması, 20.0% yüksək səslə musiqi, 19.7% ödəniş qalığının qaytarılmaması, 15.5% isə qeyri-etik davranışlarla qarşılaşdığını qeyd edib.
Bu nəticələr taksi sektorunda yalnız nəqliyyat deyil, xidmət mədəniyyəti və təhlükəsizlik aspektlərinin də əhəmiyyətli olduğunu göstərir. Tənzimləyici qurumlar və xidmət təminatçıları bu kimi problemlərin aradan qaldırılmasına xüsusi diqqət yetirməlidirlər.