Sosial Tədqiqatlar Mərkəzinin Bakı və Abşeron ərazisində taksi sürücüləri arasında keçirdiyi sosioloji sorğunun nəticələri taksi bazarının strukturuna və sürücülərin hansı platformalara üstünlük verdiyinə dair əhəmiyyətli məlumatlar təqdim edir.
Bakı və Abşeronda taksi sürücülərinin əksəriyyəti gənclərdir – SORĞU NƏTİCƏLƏRİ AÇIQLANDI
FED.az xəbər verir ki, əldə olunan nəticələr göstərir ki, taksi sürücülərinin ən çox əməkdaşlıq etdiyi şirkət böyük fərqlə Boltdur.
Sürücülərin 75.9%-i Bolt platforması ilə əməkdaşlıq edir. Bu göstərici onu deməyə əsas verir ki, Bolt hazırda yerli taksi bazarında lider mövqedədir. Bu rəqəmlə o, digər platformaları xeyli geridə qoyur. İkinci yerdə 49.2% göstərici ilə Uber gəlir, bu isə həmin sürücülərin təxminən yarısının Uber vasitəsilə də xidmət göstərdiyini göstərir.
Üçüncü yerdə 16.9% payla Yango qərarlaşır. Onu 189 TAXI (11.3%) və Maxim taksi (10.5%) izləyir. Bu nəticələr bazarda aktiv olan digər platformaların da müəyyən auditoriyaya sahib olduğunu göstərsə də, Bolt və Uber-in dominant mövqeyi aydın şəkildə hiss olunur.
Sorğuya əsasən, Uklon platforması ilə əməkdaşlıq edənlər 6.9% təşkil edir. Bu rəqəm BakuTaxi (3.6%), Omega (2.1%), Salam Taksi (1.0%) və Ulduz Taxi (0.5%) kimi yerli platformalarla müqayisədə xeyli yüksəkdir. “Digər” kateqoriyasında isə əməkdaşlıq edənlərin payı 2.6%-dir.
Ümumilikdə, bu göstəricilər taksi sürücülərinin böyük əksəriyyətinin xarici platformalara yönəldiyini və yerli şirkətlərin bazarda daha məhdud iştirak etdiyini nümayiş etdirir. Nəticələr, həmçinin, taksi bazarında rəqabətin daha çox beynəlxalq platformalar arasında getdiyini və bu sahədə yerli təşəbbüslərin dəstəklənməsinin vacibliyini göstərir.