Türkiyədə cari ilin ilk 5 ayında tam elektriklə çalışan avtomobil satışlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 27 min 604-ə çatıb.
Benzin maşınları sürətlə gözdən düşür: Ölkəyə gətirilən hər 4 maşından 1-i - HİBRİD VƏ YA ELEKTRİKDİR
FED.az xəbər verir ki, təkcə may ayının sonuna kimi 471 min 743 yeni avtomobil satılıb.
Sözügedən dövrdə avtomobil satışları 10,2 faiz artaraq 375 min 97 olarkən, kommersiya məqsədli avtomobil vasitələrinin satışları 7,9 faiz azalaraq 96 min 646 olub.
Bundan başqa, bu ilin 5 ayı ərzində benzinlə işləyən avtomobillər 247 min 828 ədəd satış ilə birinci, hibrid avtomobillər isə 54 min 65 ədəd satış ilə ikinci yerdədir.
Dizel avtomobil satışlarının sayı 39 min 351, avtoqazlı avtomobil satışlarının sayı isə 2 min 783 olub. Tam elektriklə işləyən avtomobillərin satışı 27 min 604 olaraq qeyd edilib.
May ayının sonuna olan məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə dizel mühərrikli avtomobillərin satışı 33,1 faiz, avtoqazla işləyən avtomobillərin satışı isə 37 faiz azalıb. Bu dövrdə benzinlə işləyən avtomobil satışlarında 7,4 faiz, hibrid avtomobil satışlarında 50,3 faiz, tam elektriklə çalışan avtomobil satışlarında isə 2,6 dəfə artım qeydə alınıb.
Bildirilir ki, dizel avtomobil satışlarının azalmasının əsas səbəbi qlobal istehsalçıların dizel avtomobillərinin istehsalına son qoymağa davam etməsi, bu səbəbdən də yeni dizel avtomobillərin bazara çıxarılmamasıdır.
Ötən ilin ilk 5 ayında 67,8 faiz olan benzinlə işləyən avtomobillərin satışdakı payı bu ilin eyni dövründə 66,1 faizə düşüb. Dizellə işləyən avtomobillərin payı 17,3 faizdən 10,5 faizə, avtoqazla işləyən avtomobillərin payı isə 1,3 faizdən 0,7 faizə düşüb.
Yanvar-may aylarında ümumi satışın payı tam elektriklə işləyən avtomobillər üzrə 2,3 faizdən 7,4 faizə, hibridlər üzrə isə 10,6 faizdən 14,4 faizə yüksəlib.
Avtomobillər tam elektrik, geniş diapazonlu elektrik və hibrid kimi qiymətləndirildikdə, ümumi bazarın 22,7 faizinin elektrik mühərrikli avtomobillərdən ibarət olduğu görülür.
May ayında cəmi 7 min 349 elektromobil satılıb. Bu avtomobillərin may ayında bazar payı 9,2 faiz olaraq hesablanıb. (Azərtac)