Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək məqsədilə yaradılan və ölkənin aqrar sektorunun ən iri şirkətlərini birləşdirən "Aqrar Məşvərət Şurası" İctimai Birliyinin növbəti iclası keçirilib.
Gələn ilin dövlət büdcəsində kənd təsərrüfatı xərclərinə 1,2 milyard manat ayrılacaq
FED.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə qurumun, eləcə də İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsinin rəhbər şəxsləri, Şuranın üzvləri, müxtəlif şirkət və assosiasiyaların nümayəndələri iştirak ediblər. Tədbirin məqsədi ölkədə quşçuluq sektorunun vəziyyətini təhlil etmək, bu sahədə çağırışları və inkişaf istiqamətlərini müzakirə etmək, dövlət dəstək mexanizmlərini təkmilləşdirmək, sahibkarlara yeni imkanlar müəyyənləşdirmək olub.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə heyvandarlıq sektorunun strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu sahənin inkişafı ərzaq təhlükəsizliyinin təmin olunmasında, yerli istehsalın artırılmasında, idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Nazir bildirib ki, dövlətin həyata keçirdiyi proqramlar, subsidiya mexanizmləri, investisiya layihələri və fermerlərə göstərilən dəstək quşçuluq sektorunun davamlı inkişafına yönəlib.
Aqrar Məşvərət Şurasının sədri Niyazi Əmirbəyov çıxışında dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin, innovativ yanaşmaların tətbiqinin və beynəlxalq təcrübədən faydalanmanın sektorun inkişafında əsas istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə öz növbəsində quşçuluq məhsullarının idxal-ixrac əməliyyatlarında şəffaflığın artırılması, yerli istehsalçılar üçün gömrük prosedurunun sadələşdirilməsi, ixrac potensialının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən danışıb.
Tədbirdə quşçuluq sektorunun mövcud çağırışları, beynəlxalq təcrübənin tətbiqi imkanları, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və gələcək əməkdaşlıq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.












