Gələn ilin dövlət büdcəsində kənd təsərrüfatı xərclərinə 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub. Bu da 2025-ci illə müqayisədə 18 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 126 milyon manat və ya 11,5 faiz çoxdur.
Fermerlərə verilən güzəştli kreditlərin məbləği kəskin artıb
FED.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, həmin xərclərin 42 faizi və yaxud 513 milyon manatı ərzaq təhlükəsizliyi tədbirlərinin, o cümlədən fermerlərə subsidiyaların (əkin, məhsul, toxum, heyvan, barama və s.) verilməsi, kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların və suvarma sistemlərinin satış qiymətinə güzəştlərin tətbiq edilməsi və sair xərclər üçün nəzərdə tutulub. Növbəti ildə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, müasir suvarma üsullarının tətbiqi, subartezian quyularının saxlanılması və bu qəbildən olan meliorasiya tədbirləri üçün kənd təsərrüfatı xərclərinin 40,1 faizi həcmində və ya 490 milyon manat vəsait ayrılacaq.
O qeyd edib ki, baytarlıq və bitki mühafizəsi tədbirlərinə, dezinfeksiya vasitələrinin saxlanılması və daşınmasına, kənd təsərrüfatı heyvanlarının və bitkilərinin sığortalanmasına, maddi-texniki təminatın möhkəmləndirilməsinə isə gələn il 219 milyon manat vəsait nəzərdə tutulur. (Azərtac)












