Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində 2023-cü ildə sığortalı fermer və təsərrüfatlara dəyən zərərlər üzrə böyük məbləğdə sığorta ödənişləri edilib.
Kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə - TARİFLƏR ENDİRİLİB
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a bildirilib ki, il ərzində müxtəlif hadisələrdən zərər görmüş sığortalı fermer və təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən 4,4 milyon manat sığorta ödənişləri olunub.
2023-cü il Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi, çoxsaylı yığıntılar və sel-subasmalarla yadda qalıb. Bu hadisələr sığorta hadisələrinin sayına və sığorta ödənişlərinin məbləğinə də təsir göstərib. Nəticədə 2023-cü ildə sığorta ödənişləri 4 milyon 406 min manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2 milyon manat və ya 80 faiz artıqdır. 2022-ci ildə isə aqrar sığorta hadisələri üzrə sığortalı fermerlərə 2,4 milyon manat ödəniş edilib.
Keçən il bitkiçilik sahəsində baş verən zərərlər üzrə 3 milyon 496 min manat ödəniş olunub. Bu, 2022-ci illə müqayisədə 1,7 milyon manat və ya 2 dəfə çoxdur.
2023-cü ildə heyvandarlıq sığortası üzrə baş vermiş hadisələrə görə Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermer və təsərrüfatlara 910 min 66 manat sığorta ödənişi edilib. 2022-ci illə müqayisədə sığorta ödənişlərinin məbləği 200 min manat və ya 28 faiz artıb.
Bitkiçilik sığortası üzrə ən çox zərər ödənişi edilmiş rayonlar Şəki və Qobustan olub. Ən böyük məbləğdə sığorta ödənişləri buğda, arpa, pambıq, qarğıdalı və gilas bitkiləri üzrə verilib.
Bitkiçilik sığortası sahəsində ən çox baş verən və fermerlərə ödəniş edilən hadisələr fırtına-qasırğa, sel-subasma, dolu, üçüncü şəxslərin hərəkətləri və yanğın olub.