“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin əsasən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına yenidən başlanılır.
Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən məlumata görə, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, mineral gübrə əldə edə biləcəklər. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.
Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəmkir rayonun ucqar dağ kəndlərindən start verilib.
Mövsüm qabağı əhalinin şumaltı gübrələrə olan tələbatının təmin olunması ilə əlaqədar, ilk səyyar satış sentyabr ayının 10-da Şəmkir rayonun Ələsgərli kəndində həyata keçiriləcək. Ələsgərli və bu kəndə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Qeydə edək ki, “Aqrolizinq” ASC tərəfindən bu kimi səyyar satışlar 2019-cu il aprel ayına kimi azot gübrəsinin mövsümü zamanı da vətəndaşlar üçün təşkil edilib. Respublikanın bütün regionlarını əhatə edən səyyar satış xidmətindən fermer və kəndlilər yararlanıblar.