Azərbaycanda mineral gübrələr bahalaşıb.
Eləcə də bax: Rusiya gübrələrin ixracına məhdudiyyətləri bu tarixədək - UZADIR
FED.az xəbər verir ki, ölkəmizdə fermerlərin mineral gübrələrə olan ehtiyacı əsasən idxal hesabına ödənilir. Sumqayıt Karbomid Zavodu ölkə üzrə azot gübrəsinə olan ehtiyacı xeyli miqdarda qarşılasa da, hələ ki tam ödəyə bilmir.
Son vaxtlar dünyada davam edən inflyasiya təbii ki, gübrə sənayesinə də təsirsiz ötüşməyib.
Ona görə də son bir neçə ayda mineral gübrələrin qiyməti xeyli dərəcədə bahalaşıb. Bu isə fermerləri çətin duruma salıb. Çünki, həm fermerlərin fərdi imkanları, həm də dövlətin ayırdığı subsidiya imkan vermir ki, fermerlər lazım olan qədər gübrə tədarük etsin.
Nəzərə alaq ki, ötən mövsüm kisəsi 20-30 manata təklif olunan gübrələr indi 80-100 manata satılır. Xırda fermerlərin də bu qiymətə gübrə almaq imkanından məhrumdur.
Təsadüfi deyil ki, hazırda əksər regionlarda fermerlər ciddi məhsul itkisi ilə qarşılaşıb. Məsələn, ötən il kiloqramı 40-50 qəpiyə təklif olunan soğan bu gün istehlakçıya 1.10-1.20 manata təklif olunur. Digər kənd təsərrüfatı məhsulları da həmçinin. Kənd təsərrüfatı əkinlərini aqrotexniki qayda da becərilməsində təbii ki, mineral gübrələr əvəzsiz rola malikdir. Gübrənin olmaması isə məhsul itkisi deməkdir.
Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Akif Nəzirli bildirib ki, bu gün ayrılan subsidiya fermerin mənfəət normasını təmin etmir:
“Çünki, subsidiya azdır, həm də verilən subsidiya əlçatan deyil. Bildiyimiz kimi, subsidiyanın 25 faizi fermerə nağd şəkildə, 75 faizi isə texniki yardım kimi verilir. Üstəlik, fermer kartındakı vəsaitdən istifadədə tam sərbəst deyil. O, ancaq Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlərdən nağdsız ödəniş edərək gübrə ala bilər.
Həmin şirkətlər də müxtəlif bəhanələrlə gübrələrin qiymətini durmadan artırır. Hələ onu demirik ki, bəzi şirkətlərin gətirdiyi gübrələrin keyfiyyəti çox aşağıdır. Keyfiyyətsiz gübrə də təbii ki, aparılan aqrotexniki tədbirlərin səmərəliliyini aşağı salır”.
Tanınmış ekspert onu da əlavə etdi ki, təcili tədbirlər görülməlidir. Əks-təqdirdə yaxın aylarda məhsul qıtlığı və qiymət artımı qaçılmaz olacaq:
“İndiki halda hökumət ilk növbədə subsidiyaların həcmini artırmalıdır. İkincisi, subsidiyaların ünvanına çatması üçün zəruri tədbirlər görülməlidir. Yəni, bu sahədə şəffaflıq təmin olunmalıdır. Üçüncüsü, fermer aldığı subsidiyanı 100 faiz nağdlaşdırma hüququna sahib olmalıdır.
Bir sözlə, bürokratik əngəllər aradan qaldırılmalıdır. Çox təəssüf ki, bu gün bizdə “şah” satıcıdır. O, istədiyi məhsulu, istədiyi qiymətə satır. Alıcı da məcbur edilir ki, satıcının diqtəsinə boyun əysin. Bir sözlə, indiki vəziyyətdə operativ qərarlar qəbul edilməlidir.
Fermerə təcili kömək əli uzadılmalıdr. Əks təqdirdə payız aylarında bizi çox böyük bahaçılıq və qıtlıq gözləyəcək”. (Bizim.Media)