Gürcüstanın daşınmaz əmlak bazarında investisiya bumu davam edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, çoxsaylı tikinti şirkətlərinin fəaliyyət göstərdiyi və investorların yatırım etdiyi Gürcüstanda ən aktiv əmlak bazarı paytaxt Tbilisidə və Qara dniz sahilindəki əsas kurort şəhəri olan Batumidə formalaşıb.
Tbilisidə yerli vətəndaşların yüksək fəallığı sayəsində dörd aylıq mənzil dövriyyəsi 1,3 milyard dollara çatdığı halda, kurort şəhəri Batumidə rüblük mənzil satışları 15,8% artaraq 4049 ədədə çatıb.
«Galt & Taggart» şirkətinin araşdırmasına görə, təkcə aprel ayında Tbilisidə mənzil satışları ötən illə müqayisədə 10,7% artımla 3 641 ədədə çatıb. Gürcü larisinin möhkəmlənməsi də daşınmaz əmlaka marağı artırıb. Belə ki, dollar və avroya qarşı mövqeyini bərpa edən valyuta əmlak qiymətlərinin sabitliyinə inamı artırıb.
2026-cı ilin ilk 4 ayında Tbilisidə 14 548 mənzil satılıb ki, bu da bazar dövriyyəsini 1,3 milyard dollara (artım 22,4%) çatdırıb. Satışların yarısı 651 milyon dollar ilkin bazarın («novostroyka»lar - FED.az), 638 milyon dollar isə təkrar bazarın payına düşüb.
Aprel ayında Tbilisidə yeni binalarda kvadrat metrin qiyməti 0,4% artaraq 1408 dollara, təkrar bazarda isə 5,0% artaraq 1371 dollara çatıb. Ən bahalı mənzillər Vake rayonunda (1 kvadratmetrə 2945 dollar), məşhur Mtatsminda rayonunda (2881 dollar) və Çuguretidə (2235 dollar) satılıb. Ən ucuz qiymətli «novostroyka»lar Vaşlijvari rayonundadır 1069 dollar.
Tbilisidə satılan hər 4 evdən birini (25%) xaricilər alıb. Ən çox evi İsrail vətəndaşları (11%), Rusiya vətəndaşları (3%) və diər ölkə vətəndaşları alıb.
Batumidə evlərin qiyməti Yasamaldakı həddə yaxınlaşıb
Batumidə mənzillərə tələbat və satışlar ötən il olduğu kimi, bu ilin 1-ci rübündə də yüksək olaraq qalıb. Aprelin nəticələrinə görə, Batuminin kurort hissəsində – dənizə yaxın ərazilərdə satılan mənzillərin sayı əvvəlki illə müqayisədə 16% artaraq 4 mini keçib. Xüsusilə yeni tikililərin satışları 21% artıb.
Həcm artımına baxmayaraq, Batumidə faktiki tələbat hələ də 2022-2023-cü illərin tikinti bumundan xeyli aşağıdır və tikniti şirktələrinin hələ satılmamış mənzillərinin sayı yüksək olaraq qalır. Əvəzində yeni binalarda qiymətlər artıb: mart ayında hazır mənzillərdə kvadrat metrə düşən orta qiymət 1893 dollara çatıb (illik müqayisədə 8,7% artım), təkrar satış bazar qiyməti isə 1479 dollar olub (7,8% artım). Burada kirayə gəlirliyi isə illik 7,1% faiz ətrafındadır.
Qeyd edək ki, sürətli artıma baxmayaraq Batumidə, xüsusilə də şəhərin kurort ərazisi adlanan dənizə yaxın hissələrindəki mənzillərin qiymətləri kifayət qədər əlçatandır.
Müqayisə üçün bildirək ki, Bakıda ən bahalı deyil, qiymətə görə orta yerləri tutan Yasamal rayonunda əmlakların orta qiyməti 2900-3000 manat ətrafındadır.
Digər ərazilərdə – Səbail, Nərimanov və Nəsimi rayonlarında isə qiymət daha artıqdır – 3000-3200 manat. Bakı şəhərində Səbail rayonunun dənizə yaxın ərazilərində isə qiymətlər 4000 manatdan başlayır.












