Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Böyük Britaniya (12), İslandiya (16), ABŞ (18), Kanada (20), Norveç (22), Avstraliya kimi Avropa və yüksəkgəlirli ölkələrin göstəricilərini üstələyib.
FED.az xəbər verir ki, bu barədə BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə açıqladığı hesabatda bildirilib.
İndeksin xidmətlərin təqdim edilməsi altindeksi üzrə ölkəmiz dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdədir. Xidmət təqdimatı altindeksində Azərbaycan dünya üzrə EHİİ göstəricisinə görə 8-ci mövqedə olan Estoniya ilə 10-cu yeri bölüşür.
Qeyd edək ki, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə açıqladığı hesabatda Azərbaycan rekord irəliləyiş əldə edib. Ölkəmiz nüfuzlu dünya reytinqində 2024-cü ildəki 74-cü yerdən 36 pillə irəliləyərək reytinqin 38-ci mövqeyinə yüksəlib. Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib ki, bu da 2024-cü ilin göstəricisi (0,7607) ilə müqayisədə 16,3 faiz artım deməkdir. Beləliklə Azərbaycan “Çox yüksək EHİİ” kateqoriyasında daha üstün rəqəmsal inkişafa nail olub və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin də yer aldığı V3 altqrupuna yüksəlib.













