Azərbaycanda taksi xidmətlərinin vergiyə cəlb olunması qaydası dəyişir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, artıq 2027-ci ilin əvvəlindən etibarən taksi sürücüləri aylıq dövriyyələrinin 1%-i qədər vergi ödəyəcəklər.
Vergi Xidməti bu vercinin necə hesablanacağını vəə təqribən nə qədər olacağını açıqlayıb.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirib.
Nicat İmanov qeyd edib ki, Məcəlləyə ediləcək dəyişikliklərin bir hissəsi vergi nəzarətinin gücləndirilməsinə aiddir. Bu işlər çərçivəsində bir sıra yeniliklər nəzərdə tutulur, bunun biri də taksi xidmətləri sahəsində vergi inzibatçılığının dəyişdirilməsidir.
Xatırladaq ki, taksi sürücüləri indi də vergi ödəyirlər. Onların vergi ödəməsi taksi fəaliyyəti fərqlənmə nişanının alınması vasitəsilə həyata keçirilir. Fərqlənmə nişanı alanda taksi sürügüləri 18 manat vergi ödəyirlər.
Bu üsul sadə olsa da, Vergi Xidmətinin fikrincə ədalətli deyil, yəni sürücülərin fərqli qazancı olsa da, onların eyni məbləğ ödəməsi düzgün deyild, nəticədə indi hökumət taksi sürücülərindən vergini dövriyyəyə uyğun tutacaq. “Yeni təklif daha balanslı, gəlir əsaslı vergi modelinin tətbiqini nəzərdə tutur. Belə ki, taksilərin dövriyyəsindən, yəni onlara çatacaq məbləğdən 1% həcmində vergi tutulacaq. Vergini taksi sürücüləri deyil, onların əməkdaşlıq etdiyi operatorlar hesbalayıb ödəmə mənbəyində ödəyəcəklər. Bununla da taksi fəaliyyəti göstərən şəxslərin inzibatçılıq yükü aradan qaldırılacaq».
Beləliklə, az dövriyyəsi olan taksi sürücüsü daha az, yüksək dövriyyəsi olan şəxs isə 1% prinsipi əsasında daha çox vergi ödəmiş olacaq. Vergi Xidmətinin fikrincə bu daha ədalətli yanaşmadır, üstəlik Xidmət əmin edir ki, dəyişiklik taksi sürücülərinin verci yükünü artırmayacaq: «Apardığımız təhlillərə əsasən, orta məbləğ 18-20 manat ətrafında görünür. Burada həmin məbləğdən daha az qazanc əldə edən bir sıra vergi ödəyiciləri də var. Düşünürük ki, bu dəyişiklikdən daha az qazanc əldə edən vergi ödəyiciləri faydalanacaqlar».
Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, ölkə ərazisində taksi ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyicilərinə operatorlar tərəfindən ödənilən gəlirlərdən 1 faiz vergi tutulacaq.













