Azərbaycana turist kimi gələnlərin böyük əksəriyyəti istirahət, əyləncə məqsədilə gələn şəxslər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Cari ilin 10 ayında istirahət, əyləncə məqsədilə gələn ümumi turistlərin sayı 780 min nəfər təşkil edib ki, bu da illik müqayisədə 447,1 min nəfər, yəni 2,3 dəfə artım deməkdir.
Keçən ilin eyni dövründə bu məqsədlə 332,8 min nəfər gəlmişdi.
Bundan başqa, 125,4 min nəfər işgüzar məqsədlə, 206,9 min nəfər qohumlara, dostlara baş çəkmək məqsədilə, 16,3 min nəfər müalicə məqsədilə, 2,2 min nəfər dini ziyarət məqsədilə, 3,3 min nəfər mağazalara baş çəkmək məqsədilə, 32 min nəfər tranzit məqsədilə, 2,9 min nəfər isə digər turizm məqsədilə gəlib.
İşgüzar məqsədlə gələnlərin sayı illik müqayisədə 2,7 dəfə,tranzit məqsədilə gələnlərin sayı 17,2%, digər turizm məqsədilə gələnlərin sayı 2,3 dəfə azalıb, qohumlara, dostlara baş çəkmək məqsədilə gələnlərin sayı 34%, müalicə məqsədilə gələnlərin sayı 38,7%, dini ziyarət məqsədilə gələnlərin sayı 29,9%, mağazalara baş çəkmək məqsədilə gələnlərin sayı isə 93,6% artıb.
Keçən ilin doqquz ayı ərzində 338,2 min nəfər işgüzar məqsədlə, 154,4 min nəfər qohumlara, dostlara baş çəkmək məqsədilə, 11,8 min nəfər müalicə məqsədilə, 1,7 min nəfər dini ziyarət məqsədilə, 1,7 min nəfər mağazalara baş çəkmək məqsədilə, 38,7 min nəfər tranzit məqsədilə, 6,9 min nəfər digər turizm məqsədilə gəlmişdi.