«2026-cı ilin ikinci rübündən üçüncü rübünə keçiddə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının məbləğində kəskin artım baş verib. Ümumilikdə, göstəricilər ötən ilin dördüncü rübündəki səviyyəyə yaxınlaşıb».
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinqi şöbəsinin rəisi Elvin Cuvarov "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib.
Onun sözlərinə görə, bu ilin ikinci rübündə müşahidə olunan azalmanın bir neçə səbəbi olub:
"İlk növbədə, banklar tərəfindən P2P, yəni kartdan-karta köçürmə əməliyyatlarına müəyyən məhdudiyyətlərin tətbiqini qeyd etmək olar. Digər tərəfdən, əvvəlki dövrdə hesabların ələ keçirilməsi yolu ilə həyata keçirilən fırıldaqçılıq halları geniş yayılmışdı. Sonradan bankların, ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının əksəriyyəti mobil tətbiqlərə giriş zamanı daha etibarlı müştəri autentifikasiyası mexanizmləri tətbiq etməyə başladı».
Bankir bildirib ki, bu məsələdə biometrik həllərin tətbiqi əsas rol oynayıb: «Nəticədə hesabların ələ keçirilməsi hallarında əhəmiyyətli azalma müşahidə olundu. Düşünürəm ki, ikinci rübdə qeydə alınan azalmanın əsas səbəblərindən biri məhz bu idi».
Bununla yanaşı, Mərkəzi Bank nümayəndəsi etiraf edib ki, banklar ehtiyat tədbirlərini artırdıqca, dələduzlar da boş oturmayıblar. Onlar daim öz üzərlərində işləyərək kartların qorunması mexanizmlərini aşmaq üçün öz metodlarını təkmilləşdirirlər:
«Hesabların ələ keçirilməsi halları azalsa da, paralel olaraq sosial mühəndislik üsulları ilə həyata keçirilən fırıldaqçılıq əməliyyatlarının sayı artıb. Beynəlxalq terminologiyada bu hallar Authorised Push Payment (APP) fraud adlanır. Bu zaman müştərinin hesabı ələ keçirilmir, əksinə, sosial manipulyasiya nəticəsində müştəri əməliyyatı özü həyata keçirir və vəsaitini könüllü şəkildə dələduzların hesabına köçürür»-deyə AMB nümaynədəsi təəssüflə bildirib.
Hazırda sosial mühəndisliyin ən geniş yayılmış formalarından biri telefon zəngləri vasitəsilə həyata keçirilən dələduzluqdur. Bu üsul zamanı vətəndaşa zəng edən şəxslər özlərini bank və ya müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edirlər: “Bu zaman müxtəlif ssenarilərdən istifadə olunur. Ən geniş yayılmış üsullardan biri vətəndaşa vəsaitinin təhlükədə olduğu, hesabına və ya ödəniş alətinə kiber müdaxilənin edildiyi barədə məlumat vermək və pulu «təhlükəsiz hesaba» köçürməyi təklif etməkdir».
Mərkəzi Bank bu halların qarşısını almaq üçün bankları da «silkələyəcək». Şöbə rəisi bildirib ki, təhlükələrin miqyasını və həcmini müəyyən etmək üçün banklardan daha təkmil hesabatlar tələb ediləcək:
«Hesabatlılıq sistemimizi təkmilləşdirməyi planlaşdırırıq. Müasir fırıldaqçılıq tendensiyalarını nəzərə alaraq, banklardan toplanan rüblük və aylıq hesabatların təkmilləşdirilməsini nəzərdə tuturuq».
Məsələ bundadır ki, hazırda bankların kiber hadisələrlə bağlı hesabatlarında bəzi hadisələr ümumi göstərilir. Bu da Mərkəzi Banka fırıldaq hadisələrnin necə baş verdiyini və onun vurduğu zərərləri dəqiq müəyyən etməyə mane olur. Ona görə də AMB banklardan daha dəqiq hesabatlar tələb edəcək:
«Diqqət yetirsəniz, hazırda banklar öz hesabatlarında tanışlıq yolu ilə, yaxud özünü bank və hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim etməklə həyata keçirilən fırıldaqçılıq hallarını əsasən «Digər» kateqoriyasına aid edirlər. Buna görə də qrafikdə ən böyük pay məhz bu kateqoriyanın üzərinə düşür. Halbuki əvvəlki slaydlarda qeyd etdiyimiz ölkədaxili fırıldaqçılıq hallarının əhəmiyyətli hissəsi məhz bu üsullarla həyata keçirilən dələduzluq əməliyyatlarıdır».
O ki qaldı, kiber dələduzluğun hansı formalarda baş verməsinə, AMB rəsmisi indiyə əldə olan məlumatları bölüşüb:
«Hesabların ələ keçirilməsi də ümumi göstəricilərdə müəyyən paya malikdir. Lakin qeyd etdiyim kimi, biometrik həllərin və digər təhlükəsizlik mexanizmlərinin tətbiqi nəticəsində ikinci rübdən üçüncü rübə keçiddə bu növ fırıldaqçılıq hallarının sayında azalma müşahidə olunur.
Ölkəxarici əməliyyatlarda isə əsasən elektron və məsafədən ödənişlər, veb-saytlar vasitəsilə həyata keçirilən fişinq və digər oxşar üsullar üstünlük təşkil edir. Xüsusilə kartın fiziki iştirakı olmadan həyata keçirilən əməliyyatlar əsas tendensiyadır».
Əməliyyatların həyata keçirildiyi vasitələr üzrə bölgüyə gəldikdə, AMB rəsmisi bildirib ki, ölkədaxili fırıldaqçılıq hallarının ən böyük payı mobil ticarətin üzərinə düşür. «Bu kateqoriyada bankların mobil tətbiqləri vasitəsilə həyata keçirilən əməliyyatlar nəzərdə tutulur. Ölkəxarici əməliyyatlarda isə elektron kommersiya saytları ən böyük paya malikdir».








![Kartdan-karta köçürməyə qoyulan limit fırıldaqları azaldıb - [red]Amma dələduzlar yeni yol tapıb – MƏRKƏZİ BANK AÇIQLADI[/red] | FED.az](/upload/news/small/1175563.jpeg)
![Kartdan-karta köçürməyə qoyulan limit fırıldaqları azaldıb - [red]Amma dələduzlar yeni yol tapıb – MƏRKƏZİ BANK AÇIQLADI[/red] | FED.az](/upload/news/small/1005792.jpeg)









