Mikro sahibkarlıq subyektlərinin daha yüksək sahibkarlıq kateqoriyasına keçid zamanı vergi yükünün yumşaldılması məqsədilə yeni güzəşt mexanizminin tətbiqi təklif olunur.
Bir sıra vergi güzəştlərinin müddəti uzadılır
FED.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik layihəsində nəzərdə tutulub.
Layihəyə əsasən, dövriyyə həcminə görə daha yüksək sahibkarlıq kateqoriyasına keçən mikro sahibkarlıq subyektlərinə əvvəlki hesabat ili üzrə hesablanmış və ödənilmiş sadələşdirilmiş vergi və gəlir (mənfəət) vergisinin 100 faizi həddində vergi güzəşti veriləcək.
Güzəşt məbləği illər üzrə silinmə məhdudiyyəti olmadan, sahibkarın yuxarı kateqoriyada olduğu növbəti illər ərzində ümumi vergi öhdəliyindən çıxılacaq.
Qeyd edilib ki, mikro sahibkarlıq subyektləri məşğulluğun təmin edilməsində, iqtisadi aktivliyin artırılmasında və regionlarda sahibkarlığın inkişafında mühüm rol oynayır. Lakin fəaliyyət miqyası genişləndikcə daha yüksək sahibkarlıq kateqoriyasına keçid zamanı vergi yükünün artması bizneslərin böyümə motivasiyasını zəiflədən amillərdən biri kimi qiymətləndirilir.
Yeni mexanizmin sahibkarların likvidlik risklərini azaltması, investisiya imkanlarını genişləndirməsi, bizneslərin mərhələli inkişafını dəstəkləməsi və kölgə iqtisadiyyatına meyli azaltması gözlənilir.
Nümunəyə görə, mikro sahibkarlıq subyekti kimi topdansatış fəaliyyəti göstərən müəssisənin illik dövriyyəsi 200 min manat həddini keçdiyindən 2027-ci ildə kiçik sahibkarlıq subyekti kateqoriyasına daxil olur. Müəssisə 2026-cı il üzrə dövlət büdcəsinə 2 000 manat mənfəət vergisi hesablayıb ödəyib.
Yeni güzəşt mexanizminə əsasən, həmin məbləğ sahibkarın vergi güzəşti kimi tanınacaq. 2027-ci ildə kiçik sahibkarın ümumi vergi öhdəliyi 1 500 manat olarsa, bu məbləğ 2 000 manatlıq güzəşt hesabına qarşılanacaq və sahibkar həmin il vergi ödəməyəcək. Güzəştdən istifadə edilməyən 500 manat isə növbəti illərin vergi öhdəliyindən çıxılacaq.
















