Dünya bazarında qızılın bir unsiyasının qiyməti 3500 dollardan da aşağı düşərək 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə geriləyib. Gümüşün qiyməti isə 2025-ci il sentyabrın 1-dən bəri ilk dəfə 40 dollardan aşağı düşüb.
FED.az xəbər verir ki, fond bazarlarında satış dalğasının davam etməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artımlarını davam etdirib-etdirməyəcəyinə dair gözləntiləri formalaşdıra biləcək mühüm inflyasiya göstəricisinin açıqlanması ərəfəsində qızılın ucuzlaşması sürətlənib.
Bu gün dünya bazarında qızılın bir unsiyasının qiyməti 2 faiz də azalaraq 3485 dollaradək geriləyib. Ötən həftə təxminən 9 faiz ucuzlaşan qiymətli metal ardıcıl üçüncü ayı da 6 faizdən çox dəyər itkisi ilə başa vurmağa doğru gedir.
Enerji xərclərinin artması inflyasiyanı sürətləndirib və mərkəzi banklarını pul siyasətini sərtləşdirməyə sövq edib. Süni intellektlə əlaqəli şirkətlərin səhmlərinin ucuzlaşması və bunun maliyyə bazarlarında daha genişmiqyaslı satış dalğasına səbəb olması da qızılın qiymətinə mənfi təsir göstərib.
İnflyasiya göstəricilərinin hədəfdən yüksək olması və FED rəsmilərinin sərt pul siyasətini dəstəkləyən açıqlamalarından sonra ABŞ Mərkəzi Bankının dekabr ayında faiz dərəcəsini artıracağına artıq demək olar ki, qəti ehtimal kimi baxılır. Bu tendensiya qiymətli metalların qiymətləri üzərində təzyiqi artırır.
“Oversea-Chinese Banking Corp”un strateqi Kristofer Vonq noyabr ayında dərc olunan hesabatında bildirib ki, yüksək real gəlirlilik səviyyəsi və ABŞ dollarının möhkəm mövqeyini qoruması qiymətli metalların bahalaşmasının qarşısını alan əsas amillər olaraq qalır.
Onun sözlərinə görə, qiymətlərin daha dayanıqlı bərpası üçün inflyasiyanın zəifləməsinə dair daha aydın göstəricilərin ortaya çıxması, real gəlirliliyin müəyyən qədər azalması və Fed-in pul siyasətini daha da sərtləşdirəcəyinə dair gözləntilərin zəifləməsi lazımdır.
İnvestorlar, həmçinin Donald Tramp administrasiyasının Çin və Avropa İttifaqından idxal olunan məhsullara tətbiq edilən gömrük rüsumlarının artırılması ilə bağlı mümkün açıqlamasını diqqətlə izləyirlər.














