Bu ilin noyabrında “Almet Holding” ASC-nin Ağdam Sənaye Parkındakı metal məmulatları istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Müəssisədə istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur. Artıq Böyük Britaniyaya ilk məhsul ixracına başlanılıb. Zavodda istehsal olunan metal məftil İngiltərəyə yola salınıb.
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib - FOTOLAR
FED.az xəbər verir ki, “Almet Holding”in sədr müavini Vidadi Calalov bildirib ki, “Almet ASMC” metal məmulatları zavodunda polad həsir, çəkilmiş, yanmış və tikanlı məftil, mismar və soyuq deformasiya olunmuş armaturlar istehsal edilir. Zavodun avadanlıqları İtaliya, Almaniya, Türkiyə və Çində tanınmış istehsalçılardan alınıb. Zavodda bu sahənin ən yaxşı laboratoriyası qurulub. Xammal zavoda sertifikatla daxil olur və laboratoriyada yoxlanır. Hazır məhsul müvafiq sınaqlardan keçirilir.
Vidadi Calalov istehsalın əsas hədəflərindən danışaraq deyib: “Hədəfimiz sadədir - Ağdam istehsal olunan məhsul daxili bazara idxal olunan məhsuldan geri qalmamalı, İngiltərəyə ixrac olunan məhsul isə oradakı standartlara tam cavab verməlidir. Bizim üçün “Azərbaycanda istehsal olunub” yazısı keyfiyyət deməkdir. Bu adı qorumaq bizim borcumuzdur. Hazırda məhsul TIR-a yüklənir. İngiltərəyə ilk gedən məhsullarımızdır. İlk olaraq metal məftil yola salınır. Daha sonra mismar məhsullarının da göndərilməsi nəzərdə tutulur. İngiltərədən başqa digər xarici bazarlara da ixracımız nəzərdə tutulur. Eyni zamanda istehsal etdiyimiz məhsullar daxili bazarda da satılacaq”.
Qeyd edək ki, “ASMC” MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ümumi dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. Dəyəri 8,8 milyon manat olan birinci mərhələnin maliyyələşdirilməsində özəl vəsaitlə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən subsidiyalaşdırılan 4,7 milyon manata yaxın bank kreditindən istifadə edilib. İkinci mərhələ üzrə 16,1 milyon manat investisiya nəzərdə tutulur. Bu mərhələdə iki yeni istehsal binası tikiləcək, sinklənmiş və yüksək karbonlu məftil xətləri quraşdırılacaq. Sənaye Parkının rezidenti kimi müəssisə 470 min manat dəyərində əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumlarından azad olunub.
Təqribən 1,7 hektar ərazidə yerləşən zavodun birinci mərhələdə illik istehsal gücü 4 min 920 ton polad həsir, 3 min 480 ton çəkilmiş məftil, 3 min 180 ton mismar, 1800 ton yanmış məftil, 12 min ton məftil və 1080 ton soyuq deformasiya olunmuş armatur təşkil edir. İkinci mərhələdə isə illik 10 min ton qalvanikləşdirilmiş və 8 min 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı planlaşdırılır.
Müəssisənin istehsal etdiyi polad həsir, məftil və mismar azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərində geniş istifadə edilən materiallardır. Bu məhsulların bölgədə istehsalı tikinti layihələrinin materialla yerindən təminatına və daşınma xərclərinin azalmasına imkan yaradır.
Hazırda zavodda 41 nəfər çalışır. Müəssisə tam gücü ilə işə düşəndən sonra daimi iş yerlərinin sayı 100-ə çatdırılacaq.
















