"Mərkəzi Bank banklara, elektron pul təşkilatlarına və ödəniş təşkilatlarına tövsiyə məktubu ünvanlayıb və bu çərçivədə özünüqiymətləndirmə prosesinə başlayıb. Tövsiyə məktubunda müasir antifrod çağırışlarına uyğun olaraq, fırıldaqçılıq risklərinin minimuma endirilməsi üçün zəruri olan minimal nəzarət mexanizmləri əks olunub".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Rəqəmsal dələduzluğun qarşısının alınması və monitorinqi şöbəsinin rəisi Elvin Cuvarov "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib.
Onun sözlərinə görə, bu mexanizmlərə cihazların etibarlılığının yoxlanılması, eyni cihazdan bir neçə müştərinin istifadə etməsinin aşkarlanması, yeni cihazlardan girişə nəzarət, tokenləşdirmə, əməliyyatların real vaxt rejimində monitorinqi və vəsaiti qəbul edən tərəflə – benefisiarla bağlı nəzarət mexanizmləri daxildir:
"Banklardan, ödəniş və elektron pul təşkilatlarından bu istiqamətlərdə mövcud nəzarət mexanizmlərinin vəziyyəti, mövcud boşluqların aradan qaldırılması üzrə planları, icra müddətləri və digər məsələlərlə bağlı məlumatlar toplamışıq. Demək olar ki, bütün məlumatlar artıq əldə olunub. Yəqin ki, ilin sonunadək və ya ən gec gələn ilin əvvəlində bu məlumatların təhlili yekunlaşacaq. Təhlilin nəticələrindən asılı olaraq, əlavə tövsiyə məktubu ünvanlanması və ya təkmilləşdirməyə ehtiyac duyulan istiqamətlərdə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Bildiyiniz kimi, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, Mərkəzi Bank, banklar və bəzi elektron pul təşkilatlarının iştirakı ilə işçi qrupumuz da fəaliyyət göstərir. Bu çərçivədə ilin sonunadək məlumat mübadiləsi prosesinin müəyyən qədər avtomatlaşdırılması və təkmilləşdirilməsi planlaşdırılır.
Hazırda vətəndaşların 102 xidmətinə etdiyi müraciətlər bizə və banklara yarımanual, yarıavtomatik formada ötürülür. Məqsəd bu prosesi tam avtomatlaşdırmaqdır. Bu, məlumatların seqmentləşdirilməsi, hesabatların çarpaz yoxlanılması (kross-çek) və digər proseslərin daha səmərəli həyata keçirilməsinə kömək edəcək".
Elvin Cuvarov bildirib ki, bundan əlavə, üçillik strategiya çərçivəsində mərkəzləşdirilmiş antifrod platformasının yaradılması da nəzərdə tutulur:
"Bu barədə ötən forumda da müəyyən məlumat vermişdik. Mərkəzləşdirilmiş antifrod platforması hazırda ən aktual məsələlərdən biridir. Bu istiqamətdə Avropa, Şərqi Avropa, Mərkəzi Asiya və digər regionların inkişaf etmiş ölkələrinin təcrübələri öyrənilir. Müxtəlif xarici təşkilatlarla müzakirələr aparılır, görüşlər keçirilir və təcrübə mübadiləsi həyata keçirilir.
Planlaşdırılır ki, 2030-cu ilədək bu platforma tam fəaliyyətə başlasın. Platformanın əsas məqsədi banklar, ödəniş və elektron pul təşkilatları, eləcə də Mərkəzi Bank arasında məlumat mübadiləsini təmin etməklə yanaşı, çarpaz monitorinq, risklərin ölçülməsi, risk skorinqi və digər mexanizmləri vahid sistemdə birləşdirməkdir".
"Eyni zamanda, müəyyən müştərilərlə bağlı fırıldaqçılıq halları üzrə birgə tədbirlərin elektronlaşdırılması da nəzərdə tutulur. Bu, həm məlumat mübadiləsində şəffaflığı təmin edəcək, həm də görülən tədbirlərin effektivliyini artıracaq.
Qeyd etdiyim kimi, bu yanaşma artıq bir sıra ölkələrdə tətbiq olunur və özünü doğrultmuş praktikadır, - deyə o, əlavə edib.













