"Açıq maliyyə açıq bankçılığın növbəti mərhələsi kimi nəzərdə tutulur. Bu ekosistemin əsas məqsədi yalnız bankların və fintex şirkətlərinin deyil, digər maliyyə institutlarının da bu imkanlardan faydalanmasını təmin etməkdir. Buraya sığorta bazarının iştirakçıları, kapital bazarlarında fəaliyyət göstərən investisiya şirkətləri və fondlar daxildir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Maliyyə texnologiyaları və innovasiyalar departamenti, Maliyyə texnologiyalarının təhlili və inkişafı şöbəsinin rəisi Elmar Didakanan "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübədə, adətən, ilk olaraq sığorta təşkilatları prosesə qoşulur:
"Lakin bizim yanaşmamız hər hansı təşkilata üstünlük vermədən, bütün maliyyə institutları üçün bərabər imkanların yaradılmasına əsaslanır.
Hazırda bu istiqamətdə müvafiq işlər aparılır. Hüquqi-normativ bazanın və texniki infrastrukturun hazırlanması davam edir. Növbəti strateji dövrdən etibarən açıq maliyyə konsepsiyası çərçivəsində digər maliyyə institutlarının da ekosistemə qoşulması nəzərdə tutulur".
Elmar Didakanan bunun vətəndaşlar üçün üstünlüklərilərindən danışıb:
"Vətəndaşlar üçün üstünlüklərə gəlincə, onlar daha fərdiləşdirilmiş məlumatlar əldə edə, ehtiyaclarına uyğun məhsulların daha dəqiq təhlil olunaraq təqdim edilməsindən faydalana biləcəklər.
Məsələn, sığorta məhsullarını götürək. Açıq maliyyə çərçivəsində məlumat mübadiləsi yalnız bank məlumatları ilə məhdudlaşmayacaq. Bir sığorta şirkəti digər sığorta şirkətindəki müştəri məlumatlarından da istifadə edə biləcək.
Açıq maliyyə mexanizmi vasitəsilə vətəndaş digər sığorta şirkətindəki məlumatlarının paylaşılmasına razılıq verərək daha dəqiq qiymətləndirmənin aparılmasına şərait yarada bilər. Nəticədə onun risk profili daha düzgün müəyyənləşdirilər və buna uyğun sığorta tarifləri təklif olunar. Bu, açıq maliyyənin vətəndaşlara verə biləcəyi üstünlüklərdən yalnız biridir".













