"Hazırda "Bank Respublika"nın müştəriləri digər banklardakı hesablarını sistemə əlavə edərək həmin hesablar barədə məlumat əldə edə bilirlər. Növbəti hədəflərimizdən biri odur ki, hüquqi şəxslərin müxtəlif banklardakı hesablarının vahid platformada görünməsini təmin etməkdir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "Bank Respublika"nın Rəqəmsal bankçılıq və biznes proseslərinin inkişafı departamentinin rəhbəri Ülkər Orucova "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib.
Onun sözlərinə görə, gələcəkdə banklar arasında rəqabətin əsas istiqamətlərindən biri də hər bir müştəriyə fərdi yanaşma olacaq:
"Burada məqsəd müştəri loyallığını artırmaq, onun maliyyə ehtiyaclarını düzgün təhlil etmək və bu ehtiyaclara uyğun məhsullar təklif etməkdir.
Məsələn, müştərinin başqa bankda vəsaiti varsa, ona həmin vəsaiti daha yüksək faizlə əmanət kimi yerləşdirmək təklif oluna bilər. Eyni zamanda, başqa bankda yüksək faizli krediti olan müştərinin gəlirləri və maliyyə vəziyyəti təhlil edilərək ona daha əlverişli şərtlərlə kredit təklif etmək mümkündür".
"Müştərilərin açıq bankçılıq imkanlarından istifadə etməsi onların daha çox fayda əldə etməsinə şərait yaradacaq. Banklar üçün isə bu, məhsul və xidmətlərin satışını artırmaq, müştəriləri cəlb etmək və onların loyallığını qazanmaq baxımından yeni imkanlar yaradacaq.
Əvvəlki vəziyyətdən fərqli olaraq, gələcəkdə müştəri bankdan daha çox asılı olmayacaq, əksinə, banklar müştərini cəlb etmək üçün daha çox səy göstərəcəklər. Əsas hədəfimiz hər bir müştəriyə fərdi yanaşmaq və onun üçün əlavə dəyər yaratmaqdır", - deyə o, əlavə edib.















