Ramazan bayramı günlərində İsmayıllı rayonuna 5 mindən çox turist gəlib. FED.az xəbər verir ki, bu, ötənilki bayram günlərində gələn turistlərin sayından 15 faiz çoxdur.
İsmayıllı Turizm İnformasiya Mərkəzindən bildirilib ki, bayram günlərində bütün turizm mərkəzləri, o cümlədən “Qız qalası”, “Qızıl qaya”, “Narniya” yerli və xarici turistlərlə tamamilə dolub. Xeyli sayda turist isə Xanagah, Aşağı Cülyan, Buynuz kəndlərində fərdi evlərdə qalıb.
Qeyd edək ki, İsmayıllıda 220-dən çox tarix və mədəniyyət abidəsi vardır ki, onlardan 32-si ölkə, qalanları isə yerli əhəmiyyətlidir. Dünya əhəmiyyətli Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu bu gün turistlərin maraq göstərdikləri əsas məkandır. Elə buna görədir ki, Ramazan bayramı günlərində Lahıca 3 min nəfərdən çox turist gəlib. Gələnlər arasında yerli turistlərlə yanaşı, Almaniyadan, Fransadan, İngiltərədən olan ziyarətçilər də var.
«İstirahət mərkəzləri dolub, turistlər evlərdə qaldılar»
12:30
20 İyun 2018