Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) İstanbul hava limanının elan etdiyi təyyarə yanacağı tenderində “SOCAR Aviation” markası ilə qalib gəlib.
Şirkətdən FED.az-a verilən məlumata gpörə, “SOCAR Türkiye”nin ticarət üzrə direktoru Murad Ərdoğan 5 il müddətində İstanbul hava limanında təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcəklərini bildirib. “SOCAR Türkiye” İstanbul hava limanı tərəfindən elan olunan, yerli və xarici şirkətlərin iştirak etdiyi tenderdə “SOCAR Aviation” markası ilə qalib gəlib. İstanbul hava limanındakı təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Türkiyənin aviasiya sektoruna 2013-cü ildə daxil olmasına baxmayaraq, qısa müddətdə sektorun yanacaq ehtiyacını ödəyən ən böyük 3 şirkət arasında yer alıb.
M.Ərdoğan “SOCAR Türkiye”nin maye yanacaq təchizatı sahəsində mühüm investisiyalar həyata keçirdiyini də bildirib: “Türkiyədə aviasiya sektoru genişlənir. Tam gücü ilə işə başladıqdan sonra İGA-nın Türkiyədə təyyarə yanacağı istehlakının 60 faizini qarşılayacağı gözlənilir. Hava limanı və Türkiyə aviasiya sektoru ilə paralel böyüyən markamız “SOCAR Aviation”un xarici və yerli rəqibləri arasında belə böyük həcmdə yanacaq təchizatını yerinə yetirməsi bizə qürur verir”.
SOCAR-ın törəmə şirkəti olan STAR neft emalı zavodunun tam gücü ilə istehsala başlaması ilə ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal edəcəyini xatırladan M.Ərdoğan daha sonra deyib: “SOCAR Aviation” qurulduğu gündən etibarən çox səmərəli fəaliyyət göstərib, bir sıra hava limanlarının təyyarə yanacağı tədarükçüsü olub. STAR NEZ-in məhsulları ilə artıq yolumuza daha güclü bir şəkildə davam edəcəyik. “SOCAR Türkiye”nin qurduğu inteqrasiya olunmuş dəyər zənciri çərçivəsində fəaliyyətimizi genişləndirəcəyik”.
Qeyd edək ki, Türkiyənin aviasiya sektoruna 2013-cü ildə “SOCAR Aviation” ilə daxil olan SOCAR təyyarə yanacağı təchizatına ilk olaraq İstanbulun Sabiha Gökçen hava limanında “Pegasus” aviaşirkəti ilə böyük bir saziş imzalayaraq başlayıb. Sektorun qabaqcıl qlobal şirkətləri ilə bağladığı müqavilələrlə genişlənməyə davam eden “SOCAR Aviation” 2016-cı ildə “Türk Hava Yolları”nın Atatürk hava limanındakı yanacaq ehtiyacının bir hissəsi ilə yanaşı, İzmirin Adnan Menderes hava limanı və Bodrum hava limanını da yanacaqla təchiz etməyə başlayıb. Cari il ərzində “Türk Hava Yolları”nın Sabiha Gökçen hava limanında yanacaq istehlakının yarısı, eləcə də İzmir, Bodrum, Antalya və Dalaman hava limanlarının yanacaq təchizatı “SOCAR Aviation” tərəfindən həyata keçiriləcək.