2026-cı ilin I rübündə Azərbaycanın turizm və qarşılıqlı turizm xidmətləri üzrə dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb, lakin sektor hələ də kiçik həcmli profisit saxlayıb.
Hesablama Palatası: Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–mart aylarında ölkənin qarşılıqlı turizm xidmətləri üzrə ümumi dövriyyəsi 16,6% azalaraq 600 mln. dollar olub. Həmin dövrdə xaricdən gələn turistlərin Azərbaycanda xərclədiyi və ölkənin qazandığı vəsait 316,7 mln. dollar, Azərbaycan vətəndaşlarının xaricə səfərlərdə xərclədiyi məbləğ isə 310,2 mln. dollar təşkil edib. Yəni ölkəyə gələn turistlərin xərcləri bir qədər çox olduğuna görə 6,5 mln. dollar müsbət saldo (profisit) yaranıb — başqa sözlə, turizm sahəsində ölkəmiz az da olsa gəlirdə olub.
Müqayisə üçün, 2025-ci ilin eyni dövründə turizm dövriyyəsi daha yüksək idi — dövriyyə 751,9 mln. dollar. Gələn turistlər daha çox pul xərclədiyi üçün ölkə 9,1 mln. dollar profisit əldə etmişdi. Lakin həm dövriyyənin ümumi həcmi, həm də profisit 2026-cı ildə azalıb.
Səyahət axınlarında da azalma müşahidə edilib. 2026-cı ilin I rübündə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 3,5% azalaraq 452,6 min nəfər, ölkəyə gələn əcnəbilərin sayı isə 4,7% azalaraq 484,4 min nəfər olub. 2025-ci ilin eyni dövründə isə gedənlərin sayı 0,7%, gələnlərin sayı 1,1% azalmışdı.
2026-cı ilin I rübündə Azərbaycana gələnlərin 25,9%-i Rusiya, 21,7%-i Türkiyə, 8,9%-i İran, 5,3%-i Gürcüstan, 4,1%-i Qazaxıstan, 3,6%-i Hindistan, hər birindən 3%-i Pakistan və Özbəkistan, 2,5%-i Səudiyyə Ərəbistanı, 2,1%-i Çin, 1,9%-i İsrail və 1,6%-i Ukrayna vətəndaşları olub. Gələnlərin 71,8%-i kişilər, 28,2%-i qadınlar təşkil edib.















