2025-ci ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdiyi gəlirlərin mənbələri üzrə bölgüsü açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə hotellərin ümumi gəlirləri 494 milyon 158 min manat təşkil edib.
Gəlirlərin ən böyük hissəsi nömrələrin satışından formalaşıb. Belə ki, hotellər otaqların kirayəsindən 308 milyon 343,6 min manat və ya ümumi gəlirin yarısından çoxunu əldə ediblər.
İkinci əsas gəlir mənbəyi iaşə xidmətləri olub – restoran və barların fəaliyyətindən 132 milyon 598,3 min manat vəsait daxil olub.
Digər xidmətlərdən əldə edilən gəlirlər 33 milyon 253,3 min manat təşkil edib. Müalicə-sağlamlıq xarakterli xidmətlər (SPA və sanatoriya xidmətləri) hotellərə 13 milyon 877,6 min manat qazanc gətirib.
Konfrans zallarının təqdim edilməsi xidmətlərindən əldə olunan vəsait 5 milyon 990,6 min manat olub. Ən az gəlir isə ekskursiya xidmətlərindən qeydə alınıb – bu istiqamətdə cəmi 94,6 min manat vəsait əldə edilib.











