"Azərbaycan Hava Yolları" aviaşirkəti 2022-ci ilin yay cədvəli çərçivəsində Çexiyanın paytaxtı Praqa şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
Şirkətdən FED.az-a bildirilib ki, Bakı-Praqa-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri aviadaşıyıcı tərəfindən həyata keçiriləcək. İlk reys 17 iyun tarixində yerinə yetiriləcək.
AZAL xatırladır ki, aviaşirkətinin bu və digər reyslərinə aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
FED.az xəbər verir ki, bu reyslərlə «ekonom» sinfində bir tərəfə uçuş 396-417 manat arasında dəyişir. Başqa sözlə, AZAL-la Bakıdan Praqaya gedib qayıtmaq təqribən 800 manata başa gələcək.
Sözügedən reyslərə yalnız qeyd olunan daşıma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Çexiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-czechia.
Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/ru/information/covid-azerbaijan