Bu ilin yanvar-sentyabr aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 98 min 408 nəfəri göstərilmiş xidmətləri qənaətbəxş hesab etməyib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədəki xidmətlərdən narazı qalanların çoxu – 16 min 477 nəfəri (16,7%-i) taksi xidmətlərindən narazı qalanlar olub.
Bundan başqa, 16 min 318 nəfər (16,6%) avtobusla sətnişindaşımadan, 15 min 960 nəfər (16,2%) ictimai iaşə xidmətlərindən, 11 min 51 nəfər (11,2%) yerləşmə xidmətlərindən, 10 min 132 nəfər (10,3%) bələdçi xidmətlərindən, 6 min 889 nəfər (7%) metro ilə sərnişindaşımadan, 2 min 230 nəfər (2,2%) turagentlərin (turoperatorların) xidmətlərindən, 19 min 381 nəfər (19,7%) digər xidmətlərdən narazı qalıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 831 min 836 nəfər olub. Bu, ötən ilin eyni dövrünə nəzərən 116 min 400 nəfər və ya 6% daha azdır. Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 948 min 236 nəfər idi.














