Energetika Nazirliyi Ukraynaya humanitar yardımla bağlı 2 şirkətlər satınalma müqaviləsi imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “STP Global Cable” MMC ilə imzalanmış müqavilədə Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlıqları adlı malların satın alınması nəzərdə tutulub. Müqavilənin dəyəri 2 milyon 381 min 940 manat təşkil edib.
Digər bir müqavilə “Elios Logistics” MMC ilə imzalanıb. Müqavilənin predmeti Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlıqlarının çatdırılması ilə bağlı xidmətlərin satın alınması olub. Bu müqavilənin dəyəri 117 min 980 manat təşkil edib.
Nazirliklə şirkətlər arasında imzalanmış müqavilələrin cəmi dəyəri 2 milyon 499 min 920 manat olub.
Qeyd edək ki, “STP Global Cable” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 16 milyon 854 min manat olan şirkətin qanuni təmsilçisi Abbaslı Ələkbər Adil oğludur. Şirkət Sumqayıt şəhəri, H.Z.Tağıyev, Texno-Park Sahəsi hüquqi ünvanında yerləşir.
“Elios Logistics” MMC isə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Məmmədzadə Elvin Elçin oğludur. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, M.Araz, ev.45, m.46 hüquqi ünvanında yerləşir.














