Azərbaycanlı iş adamı, İT həllərin istehsalı ilə məşğul olan «Neuron Technologies» şirkətinin sahibi İsmayıl Ələkbərov Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyini tender qaydalarını pozmaqda ittiham edib. FED.az xəbər verir ki, sahibkarın sözlərinə görə, adı çəkilən qurum tender elan etsə də, «yalnız özlərinin məsləhət bildiyi şirkətlərdən savayı» heç kimə imkan verilmir ki, tenderdə iştirak edib təklif versin» -deyə şikayətdə bildirilir.
Eləcə də bax: «Gömrük invoys qiymətini artırdı, Prezident Aparatına yazdıq, həll olundu» - TÜRK İŞ ADAMI
İsmayıl Ələkbərov artıq məsələ ilə bağlı Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdiklərini bildirib. Xidmətin rəisi Zahid İsayevə ünvanlanan müraciətdə bildirilir ki, adı çəkilən qurum may ayının 17-də tender.gov.az saytında «Video Recorder 16 kanal (DVR), Hard Disk 4 TB external, Çöl üçün Kamera HD 1080P 1 MP, Microphone DS-2FP2020 , Operativ yaddaş (4 GB ram) DDR3 for PC, Wireless mouse, Noutbook altı (soyuducu), 32 gb flash drive USB 3.0» alışı üzrə kotirovka sorğusu yerləşdirib. Şirkət bu kotirovka sorğusunda iştirk etmək istəsə də, mümkün olmayıb: «Bu quruma dəfələrlə zəng etsək də, cavab verən olmadı və kotirovka ilə bağlı iştirak məktubunu (əlavədədir) da göndərmişik. İndiyədək bizə nə şərtlər toplusu göndərilib, nə də ki, bizimlə əlaqəyə çıxılıb».
Məsələ ilə bağlı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyindən FED.az-a bildirilib ki, kotirovka sorğusu üzrə təkliflərin qəbulu artıq bitib. Qurumun soyadını təqdim etməkdən çəkinən Azər adlı əməkdaşı FED.az-a bildirib ki, tenderə qatılmaq üçün imkanlar vardı: «Telefona cavab verilmirsə, bu o demək deyil ki, şərtlər verilmir. Bura təkcə zəng etmək deyil, məktub göndərmək və ya gəlmək də olardı». Şirkətin məktub da göndərdiyi barədə məlumata isə Agentlik nümaynədəsi münasibət bildirməyib.
Ən maraqlısı odur ki, elana görə, tender təkliflərinin qəbulu may ayının 20-də bitir. Adı çəkilən kotirovka sorğusu üzrə elan isə tender.gov.az saytına 2 dəfə - may ayının 8-də və 17-də daxil edilib. Başqa sözlə, potensial iştirakçıların tendera hazırlaşması üçün cəmi 6 gün vaxtı olub. May ayının 17-də təkrar elanın isə əhəmiyyəti yoxdur, çünki ayın 18-19-u istirahət günlərinə düşür.