Dövlət Neft Şirkəti – SOCAR – Naxçıvan Muxtar Respublikasına benzin və dizel daşımaq üçün 17 milyon sərf edəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Socar Petroleum” QSC (VÖEN: 1600943181) şirkəti Naxçıvan Muxtar Respublikasına neft məhsullarının (benzin və dizel) daşınması ilə bağlı tenderi yekunlaşdırıb.
Tenderin qalibi “Predsol” MMC (VÖEN: 1503348711) olub. Tərəflər arasında 17 milyon 172 min manatlıq müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən, sözügedən şirkət Naxçıvana 78 min ton dizel yanacağı, 42 min ton Aİ-92 benzini, 1 200 ton Aİ-95 benzini və 72 ton Aİ 98 benzini daşıyacaq.
Yanacağın hər litrinin daşınması SOCAR-a 11,8 qəpiyə başa gələcək.
Xatırladaq ki, “Predsol” MMC bundan əvvəl Dövlət Sərhəd Xidmətinin yanacaq vuran kalonkaların əsaslı təmir xidməti və quraşdırılması ilə bağlı 104 min 154 manatlıq tenderin və yanacaq vuran kalonkaların əsaslı təmiri, quraşdırılması, yanacaq daşıyan avtomaşınların sperator elementi və koaqulir süz elementinin dəyişdirilməsi ilə bağlı 73 min 708 manatlıq tenderin qalibi olub.
Qeyd edək ki, qalib şirkət 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Qənizadə Tofiq Nazim oğludur. Şirkət Bakı şəhəri, Nərmianov rayonu, Təbriz, ev.17, m.8 hüquqi ünvanında yerləşir.













