Azərbaycanda “Dövlət satınalmaları haqqında” qanuna edilən dəyişikliyə və bu barədə dövlət başçısının fərmanına görə, ölkədə dövlət satınalmaları üçün vahid internet portal yaradılacaq və tenderlər internetlə keçiriləcək. Bu barədə FED.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Mərkəzdən bildirilir ki, yeni elektron satınalma modelinə keçid dövlət satınalmaları zamanı bərabər, ədalətli və rəqabətli iqtisadi imkanların yaradılması məqsədi daşıyır: «Elektron satınalma ilə bağlı bütün prosedurlar və qarşılıqlı informasiya mübadiləsi vahid internet portal vasitəsilə onlayn həyata keçiriləcəkdir».
Bu məqsədlə satınalan təşkilat illik satınalma planını dövlət satınalmalarının vahid internet portalında yerləşdirəcək. Tender komissiyasının iclasları isə virtual şəkildə təşkil olunacaq. Bu da şəffaflığın daha da artmasını təmin edəcək.
Yeni elektron satınalma modeli çərçivəsində dövlət satınalmasının planlaşdırılması, tender təklifinin qəbul olunması və iddiaçıların hüquqlarının qorunması üzərində təkmil nəzarət mexanizmi yaradılır.
Dəyişikliyə əsasən tender təklifinin təminatı 1-5%-dən 1%-ə endirilib, malgöndərənlərin şikayətlərinə baxılması müddəti 20 bank günündən 10 bank gününə və çıxarılan qərarlar elektron qaydada təqdim olunmaqla müddəti 3 bank günündən 1 bank gününədək azaldılıb.
Bütövlükdə dövlət satınalması üzrə yeni modelin tətbiqi ölkədə rəqabətli satınalma metodlarından istifadəyə imkan verir, tam, etibarlı və vaxtında olan satınalma məlumatlarına ictimai çıxışı əhəmiyyətli dərəcədə yaxşılaşdırır.