2024-cü ildə Azərbaycanda dövlət satınalmaları üzrə 19 min 602 dəfə satınalma proseduru baş tutub. Satınalmaların ümumi məbləği 9 milyard 845 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, ötən il satınalmaların sayca yarısı, məbləğ baxımından isə yarıdan çoxu bir mənbə üsulu ilə olub.
Belə ki, ümumi satınalmaların sayca 50,1%-i və ya 9 821 satınalma tenderlə baş verib. Təqribən elə bu qədər - 9 871 satınalma isə bir mənbədən olub.
Məbləğ baxımından isə hələ də bir mənbədən satınalmalar tender üsulu ilə satınalmadan xeyli artıqdır. Belə ki, 2024-cü ildə ümumilikdə 9 milyard 845 milyon manatlıq satınalma olub.
Bunun 5 milyard 356 milyon manatı və ya 54%-i bir mənbədən olub.
Tender yolu ilə satınalmalar isə yalnız 4 milyard 489 milyon manat olub, yəni ümumi satınalmaların 46%-i.
Başqa sözlə bir mənbədən satınalmalar tender üsulu ilə olanlardan 867 milyon manat artıq olub.
Son illər dövlər satınalmaları sahəsində aparılan islahatlara və bu sahədə ciddi nəzarətin artmasına baxmayaraq, bir mənbədən satınalmalar azalmayıb, əksinə artıb.
Çünki 2023-cü ildə bir mənbə üsulu ilə satınalmalar daha az idi.
Belə ki, 2023-cü ildə ölkə üzrə ümumilikdə 7 milyard 545 milyon manat satınalma həyata keçirilib. Bunun 4 milyard 690 milyon manatı müsabiqə, yəni tenderlər ilə, 2 milyard 855 milyon manatı isə bir mənbədən aparılıb. Yəni ümumi məbləğin 62%-i tender, 38%-i bir mənbə ilə xərclənib.
2023-cü ildə bir mənbədən satınalmaların sayı da az olub. Belə ki, ötən il ölkədə ümumilikdə 12 483 satınalma olub, onlardan 7818-i və ya 63%-i tenderlə, 4 665-i və ya 37%-i isə bir mənbə ilə həyata keçirilib.
Başqa sözlə, 2023-cü illə müqayisədə 2024-cü ildə bir mənbədən satınalmaların sayı 5 126 ədəd və ya 2,1 dəfə artıb. Bir mənbə ilə satınalmaların məbləği isə 2,5 milyard manat və ya 87,5% artıb.
2024-cü ildə say baxımından müsabiqə əsaslı satınalmaların 18,3%-i (1849 müqavilə) və bir mənbədən satınalmaların isə 42,9%-i (4231 müqavilə) 5000 manatdan az məbləğlə həyata keçirilib. Bu artım yeni qanunvericiliyin tətbiqi nəticəsində kiçik həcmli satınalmaların da qanunun tətbiqi dairəsinə daxil edilməsi ilə bağlı olub. Nəticə etibarilə bu, dövlət satınalmaları qanunu ilə əhatə olunan məbləğin artmasına xidmət etsə də, eyni zamanda, inzibati yükün və texniki çətinliklərin artmasına səbəb olub
Hesablama Palatasının apardığı araşdırmalar göstərir ki, dövlət qurumları bir mənbədən satınalmanın belə çox olmasını iki səbəblə izah edirlər: təcili tələbat (63,8%) və konkret təchizatçının unikal mövqeyi (42,6%).
Bununla yanaşı, təcili tələbatın yaranmasının əsas səbəbləri sırasına nəqliyyat vasitələrinin alınması, yemək təminatı xidmətinin satın alınması (cari təminat üçün), yenidən qurulması və tikintisi uzun müddət davam edəcək işlərin aparılması, geyim dəstlərinin alınması və s. məsələlər aid edilib.
Bununla yanaşı, Palata qeyd edir ki, bəzi hallarda əvvəlcədən dəqiq tarixləri müəyyən edilmiş tədbirlərin təşkili və keçirilməsi, həmin tədbirlər üzrə bir sıra xidmətlərin göstərilməsi də təcili tələbat səbəbi göstərilməklə bir mənbədən satınalma metodu ilə həyata keçirilib.
Bir mənbədən alışın daha bir səbəbi də satınalma predmetinin yalnız konkret bir təchizatçıda mövcudluğu və onun bu məhsul üzərində xüsusi hüquqlara malik olması olub.
Amma Palata yenə də qeyd edir ki, bəzi hallarda ölkə bazarında rəqabət şəraiti olduğu halda, yəni hər hansı malı və xidməti bir deyil bir neçə şirkət satdığı halda, “tək təchizatçı” səbəbi göstərilməklə mallar bir mənbədən alınıb.
Palatanın araşdırması göstərib ki, 2024-cü ildə say baxımından müsabiqə əsaslı satınalmaların 18,3%-i (1849 müqavilə) və bir mənbədən satınalmaların isə 42,9%-i (4231 müqavilə) 5000 manatdan az məbləğlə həyata keçirilib. Bu artımın səbəbi odur ki, yeni qanunvericiliyin tətbiqi nəticəsində kiçik həcmli satınalmalar da qanunun tətbiqi dairəsinə daxil edilib.
Ümumilikdə bu yenilik dövlət satınalmaları qanunu ilə əhatə olunan məbləğin artmasına xidmət etsə də, eyni zamanda, dövlət qurumları üçün inzibati yükün və texniki çətinliklərin artmasına səbəb olub.