Azərbaycanda etibarsız təchizatçıların siyahlsı genişlənib.
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «R-Biznes Seviz» MMC (VÖEN: 3700175911) və «Az-Biznes Sevis» MMC (VÖEN: 3700206371) dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına əlavə edilib.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərar verib.
Məlumata görə, buna səbəb - MMC-lərin sövdələşmədən imtina etməsi olub. Nəticədə şirkətlərin dövlət satınalmalarında iştirakı bir illiyinə, - yəni 2027-ci ilin may ayının 14-ə qədər qadağan edilib.
Qeyd edək ki, 2008-ci ilin mart ayında dövlət qeydiyyatına alınan «R-Biznes Seviz» MMC-nin qanuni təmsilçisi Səlimov Ehtiram Etibar oğludur. «Az-Biznes Sevis» MMC 2008-ci ilin noyabr ayında dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Məmmədova Şəhla Rəfail qızıdır. Hər iki şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Astara rayonu, Balaca Şahağacı kəndidir.
Məlumat üçün bildirək ki, dövlət satınalmaların vahid internet portalının məlumatlarına görə, «R-Biznes Seviz» MMC ötən il Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərcümə xidmətinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub və tərəflər arasında 40 min 920 manatlıq müqavilə imzalanıb. «Az-Biznes Sevis» MMC isə heç bir tenderin qalibi olmayıb.














