Azərbaycanda satınalma prosesində pozuntulara yol verən şirkət və sahibkarlar etibarsız təchizatçı sayılacaq və onların tenderlərdə iştirakı qadağan ediləcək.
FED.az xəbər verir ki, bu hazırda Milli Məclisdə müzakirə olunan «Dövlət satınalmaları haqqında» yeni qanun layihəsində nəzərdə tutulur.
Qanuna görə, Qanunun 35.1.4-cü, 35.1.10 – 35.1.12-ci maddələrində qeyd olunan hallarda həmin halların aşkar edildiyi gündən 5 iş günü ərzində, satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırılması və ya 1 təqvim ili ərzində 3 (üç) və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanmasından imtina edilməsi halında isə 15 iş günü ərzində satınalan təşkilatın əsaslandırılmış müraciəti üzrə nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunacaqlar.
Bu hallar nəzarət orqanı tərəfindən aşkar edildikdə təchizatçılar nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunurlar. Etibarsız təchizatçılar nəzarət orqanı tərəfindən etibarsız təchizatçıların reyestrinə daxil edilirlər və bu barədə məlumatlar portalda yerləşdirilir.
Layihəyə görə. pozuntunun ağırlıq dərəcəsindən və təchizatçının əvvəllər belə pozuntuya yol verib-verməməsindən asılı olaraq, onun etibarsız təchizatçıların reyestrində qalma müddəti nəzarət orqanının (Antiinhisar Xidmətinin - FED) qərarı ilə müəyyən edilir. Təchizatçıların etibarsız təchizatçıların reyestrində qalma müddəti 3 ildən çox ola bilməz və həmin müddət ərzində təchizatçıların satınalmalarda iştirakına yol verilmir.
Maddə 35.1.4. təchizatçı birdən artıq təklif təqdim etdikdə və ya birdən artıq təklifdə iştirak etdikdə;
Maddə 35.1.10. satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə (o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmə həyata keçirildikdə);
Maddə 35.1.11. təchizatçı satınalmanın istənilən mərhələsində bu Qanunun tələblərinə zidd hərəkətlərə (hərəkətsizliyə) yol verdikdə, o cümlədən saxta sənəd və (və ya) məlumat təqdim etdikdə;
Maddə 35.1.12. təchizatçı bu Qanunun 6.1-ci maddəsində qeyd olunan pozuntu hallarına yol verdikdə.