2019-cu il üzrə Azərbaycanın xarici ticarət statsitikasında maraqlı yeniliklər ortaya çıxıb.
FED.az xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev 2018-ci illə müqayisədə 2019-da xarici ticarətdə baş verən əsas dəyişiklikləri qeyd edib. Beləliklə…
«2019-cu ildə ölkə ixracının 88%-ni 15 ölkə formalaşdırıb, əvvəlki il həmin göstərici 84% olmuşdur. Bu o deməkdir ki, ixracın coğrafi konsentrasiyası artıb və bu mənfi tendensiyadır.
İxracımızdakı ilk 15 ölkənin tərkibində də dəyişiklik baş verib - Tayvan, Ukrayna və İndoneziya 15-liyi tərk edib, onları Çin, Britaniya və Tailand əvəzləyib.
İlk 3-lük dəyişməyib - İtaliya, Türkiyə və İsrail.
İxracın cəmi 10%-i qeyri-neft sektorunun hesabına olub - 90% neft qaz srktorudur. 2019-cu ildə xam neftin orta ixrac qiyməti hət ton üçün 480 dollar olub - əvvəlki ildə 532 dollar olmuşdu.
Təbii qazın hər tonunun ixrac qiyməti hər 1000 kub üçün 189 dollar olub - ötən ildə təxminən bu qədər olmuşdur. Qaz ixracında natural ifadədə 50%-ə yaxın artım var.
Qeyri-neft ixracında 260 mln. dollardan bir qədər çox artım var və bu artıma əsasən meyvə-tərəvəz və pambıq ixracında böyümə təsir edib.
İdxalımızın 80%-i 15 ölkənin payına düşüb. İdaxlımızdakı ilk 15 ölkənin tərkibində də dəyişiklik baş verib - C. Koreya və Qazaxıstan 15-liyi tərk edib, onları Kanada və Avstraliya əvəzləyib.
İdxalımızın əsasən 15 ölkə hesabına formalaşması onu göstərir ki, manatın real effektiv məzənnəsi yalnız bu ölkələrin real məzənnəsinin (valyutasının nominal məzənnəsi+inflyasiya tempi) təsiri altındadır.
Qida məhsullarının idxalı kəskin artıb - 20%. Bu məhsulların idaxlda payı 12%-ə çatıb.
Buğda idxalımızda natural ölçüdə 50%-ə yaxın artım var - 1.1 mln. tondan 1.6 mln. tona çatıb. Üstəlik, 2018-də buğdanın hər tonu 190 dollara idxal edilmişdi, 2019-da bahalanaraq 214 dollara çatıb - 13%-lik bahalanma.
Kərə yağının idxal qiyməti diqqətimi çəkdi - 2019-da orta idxal qiyməti 5.1 dollar olub, amma 2018-də 5.8 dollar olmuşdu. Az qala 12%-lik bir ucuzlaşma var.
Amma Statkomun pərakəndə qiymətlərlə bağlı məlumatlarına baxıram, market və bazarlarda 2019-cu il ərzində idxal olunan kərə yağının pərakəndə satış qiymətində demək olar ucuzlaşma baş verməyib - cəmi 1%-ə yaxın enmə görsənir.
Burdan hansı nəticəni çıxarmaq olar? Mənə görə, kərə yağı idxalının topdansatış və idxalında inhisar təsiri güclü olduğuna görə idxalın 12%-lik ucuzlaşması pərakəndə qiymətlərə hətta 1% belə təsir eləmir...».