“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 7 müraciətə baxılıb.
FED.az xəbər verir ki, dörd KOB subyektinə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 210-a çatıb.
“Startap” şəhadətnamələri "Smart Soft and Services" MMC-nin “Whatsapp” üzərindən avtomatlaşdırılmış müştəri ünsiyyəti və marketinq həlləri təqdim edən platforması, "Simic App" MMC-nin bizneslər üçün Aİ əsaslı platforması, "Mediatrends" MMC-nin intellekt əsaslı media monitorinq və təhlil sistemi və "Builders and Realtors Unity" MMC-nin beynəlxalq təchizat və şəbəkə platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.