Azərbaycanda yaradılan data analitikası və süni intellekt startapı Statix Technology Solutions NVIDIA-nın startaplar üçün nəzərdə tutulan NVIDIA Inception proqramına qəbul olunub.
«Statix»in rəhbəri rəhbəri Tural Allahverdiyevin FED.az-a verdiyi məlumata görə, şirkətə NVIDIA tərəfindən göndərilən rəsmi bildirişdə Statix-in proqrama qoşulmaq üçün müraciətinin təsdiqləndiyi bildirilib. 2026-cı ilin aprelində fəaliyyətə başlayan startap üçün bu, fəaliyyətə başladıqdan qısa müddət sonra əldə olunan beynəlxalq inkişaf mərhələlərindən biridir.
Statix nə edir?
Statix müxtəlif mənbələrdə parçalanmış məlumatları bir platformada toplamaq, strukturlaşdırmaq və vizuallaşdırmaqla onların təhlilini asanlaşdırmağı hədəfləyir. Hazırda iqtisadiyyat, əmək bazarı, demoqrafiya, müxtəlif sektorlar və digər mövzular üzrə böyük həcmdə məlumat mövcuddur. Lakin bu məlumatlar çox vaxt fərqli dövlət qurumlarının saytlarında, hesabatlarda, Excel fayllarında və müxtəlif məlumat bazalarında parçalanmış vəziyyətdə olur. Məlumatı tapmaq mümkün olsa belə, onu müqayisə etmək, dəyişikliklərin səbəbini anlamaq və praktik nəticəyə çevirmək ayrıca vaxt və analitik bilik tələb edir. «Statix» də məhz bu prosesi sadələşdirməyi hədəfləyir.
Platforma özünü data, analitika, tədqiqat və rəqəmsal məhsullar üçün vahid platforma kimi təqdim edir. Burada iqtisadiyyat, əmək bazarı, demoqrafiya və müxtəlif sektorlarla bağlı məlumatların müqayisəli təhlili nəzərdə tutulur.
Statix-in ekosistemi hazırda 4 əsas istiqaməti – analitika, tədqiqat, təhsil və biznes həllərini birləşdirir. Şirkətlər üçün xüsusi dashboardların, sektoral araşdırmaların, müqayisəli analitikanın və digər data məhsullarının hazırlanması da layihənin biznes modelinə daxildir.
90 gündə 16 mindən çox yeni istifadəçi
Şirkətin təqdim etdiyi Google Analytics məlumatlarına əsasən, son 90 gündə Statix-ə 16 mindən çox yeni istifadəçi daxil olub, 83 mindən çox baxış qeydə alınıb. Statix layihəsi 2026-cı ilin aprelində fəaliyyətə başlayıb. “STATİX TECHNOLOGY SOLUTIONS” MMC isə 27 avqust 2026-cı ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb.
Şirkətin təsisçisi və CEO-su Tural Allahverdiyevdir. O, data və biznes analitikası sahəsində 7 ildən artıq peşəkar təcrübəyə malikdir. Hazırda SOCAR Capital-da Business Analyst Expert vəzifəsində çalışan Tural Allahverdiyev bundan əvvəl ABŞ-da Bank of America-da Senior Business Analytics Manager kimi fəaliyyət göstərib.
“Ask Statix” və “Scenario Lab” hazırlanır
Startapın növbəti inkişaf mərhələsində süni intellekt xüsusi yer tutur. Şirkət sadəcə ayrıca chatbot yaratmaq əvəzinə AI imkanlarını platformada toplanmış və strukturlaşdırılmış məlumatlar, analitika və tədqiqatlarla birləşdirməyi planlaşdırır.
Bu istiqamətdə “Ask Statix” və “Scenario Lab” adlı məhsul konsepsiyaları üzərində iş aparılır.
“Ask Statix” istifadəçilərə platformadakı məlumatlar haqqında suallar verməyə, məsələn, müəyyən göstəricinin niyə dəyişdiyini və başqa göstəricilərlə necə əlaqəli olduğunu araşdırmağa imkan verməyi hədəfləyir.
“Scenario Lab” isə bazar, qiymət, tələb, investisiya və digər dəyişənlər üzrə müxtəlif ssenarilərin mümkün nəticələrinin müqayisəli təhlili ideyasına əsaslanır.
Statix-in uzunmüddətli hədəfi yalnız Azərbaycan üzrə statistika və analitika platforması kimi qalmaq deyil. Şirkət data, analitika, tədqiqat, süni intellekt və biznes həllərini birləşdirən daha geniş data intelligence ekosistemi yaratmağı və Azərbaycanda hazırlanan məhsulların gələcəkdə regional və digər bazarlarda istifadəsinə imkan verən texnoloji baza qurmağı planlaşdırır.






![“Bank of America”nın keçmiş menecerinin yaratdığı Azərbaycan startapı - [red]NVIDIA proqramına qəbul edildi[/red] | FED.az](/upload/news/small/4826379.jpeg)
![“Bank of America”nın keçmiş menecerinin yaratdığı Azərbaycan startapı - [red]NVIDIA proqramına qəbul edildi[/red] | FED.az](/upload/news/small/1081528.jpeg)
![“Bank of America”nın keçmiş menecerinin yaratdığı Azərbaycan startapı - [red]NVIDIA proqramına qəbul edildi[/red] | FED.az](/upload/news/small/3564890.png)
![“Bank of America”nın keçmiş menecerinin yaratdığı Azərbaycan startapı - [red]NVIDIA proqramına qəbul edildi[/red] | FED.az](/upload/news/small/4002150.png)
![“Bank of America”nın keçmiş menecerinin yaratdığı Azərbaycan startapı - [red]NVIDIA proqramına qəbul edildi[/red] | FED.az](/upload/news/small/39449.png)







