«E-Muqavile.az» ilkin mərhələdə KOBİA tərəfindən verilən «Startap» şəhadətnaməsi əsasında startap kimi fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, «AzCon Holding»in tabeliyindəki «AzInTelecom» MMC-nin dəstəyi ilə SİMA İmzanın platformaya inteqrasiyası və AzInCloud bulud yaddaş serverinin infrastrukturundan istifadə imkanı təmin edilib.
Daha sonra platformanın təsisçisi Fərid Qəhrəmanov startapın yerli hüquqi biznes həlli olduğunu nəzərə alaraq onun fəaliyyətini rəsmiləşdirib: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən lisenziya alınıb və Milli Kibertəhlükəsizlik Agentliyində dövlət qeydiyyatından keçib.
Bununla da «e-muqavile.az» kommersiya təşkilatları arasında müqavilələrin elektron idarəedilməsi informasiya sistemi kimi fəaliyyətini davam etdirir. Təsisçi startap layihəsi çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və «Best Solution» MMC-nin dəstəyini də vurğulayıb.
Dövlət qurumlarının startap layihəsi çərçivəsində göstərdiyi dəstəklə myGov və ASAN İmza dövlət resursları da platformaya inteqrasiya olunub. Bu gün platformada VÖEN-i olan biznes subyektləri istənilən məzmunda xidmət, alğı-satqı və icarə müqavilələri, qiymət razılaşdırma protokolları, hesab-fakturalar və təhvil-təslim aktları hazırlaya bilir. Sənədlər SİMA və ya ASAN İmza ilə imzalanır və kağız müqavilə ilə eyni hüquqi qüvvəyə malikdir.
Beləliklə, hər istifadəçiyə bütün sənəd əməliyyatlarını bir kabinet üzərindən idarə etmək imkanı yaradılıb. Platformada qeydiyyat və ilkin istifadə ödənişsizdir.
Qısa müddət ərzində 5 000-ə yaxın istifadəçi qeydiyyatdan keçib və 4 000-dən çox müqavilə sənədi imzalanıb. Platformanın inkişafında Azərbaycan Sahibkarlar Konfederasiyasının rəsmi dəstəyi də qeyd olunur.
2027-ci il üçün mobil tətbiqin istifadəyə verilməsi, müqavilələrin iki dildə tərtibi və imzadan əvvəl razılaşdırma funksiyasının əlavə olunması planlaşdırılır. İstifadəçilərin işini daha da asanlaşdırmaq məqsədilə müqavilə sənədlərinin süni intellekt resursları ilə hazırlanması imkanı da yaradılacaq.













