«ASAN Xidmət»in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərə başlayıb.
FED.az-ın məlumatına görə, bu günə kimi Mərkəz ümumilikdə 9 səyyar monitorinq aparıb. Bunlar Bakıda çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 9-u sifarişçi, 7-si podratçı, 14-ü subpodratçı olmaqla cəmi 30 hüquqi və fiziki şəxsi əhatə edib.
Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 232 işçidən 170-nin müqavilə ilə, 62-nin isə müqaviləsiz işlədiyi aşkar olunub. Ümumilikdə dövr ərzində yoxlanılan işçilərin 27%-ində əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə halları aşkar edilib.
Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğa yönəldilib.
Səyyar monitorinq zamanı çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan hüquqi və fiziki şəxslərə maarifləndirmə üçün materiallar verilib, əmək müqaviləsinin üstünlükləri və pozuntulara görə cərimələr barədə məlumat verilib.
Bu monitorinqlər dövlət başçısının “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” fərmanına uyğun olaraq aparılır.
Bu məqsədlə ASAN Xidmətdə tikinti ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrinin yaradılması və işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin formalaşdırılması üçün “Analitik Monitorinq Sistemi” yaradılıb.
Hazırda “Analitik Monitorinq Sistemi”nin proqram təminatı işlənib hazırlanıb, dövlət qurumlarının – Fövqəladə Hallar Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Vergilər Nazirliyinin informasiya sistemləri ilə inteqrasiya işləri tamamlanıb.
Dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı məlumatlar təhlil edilir və şübhə yarandığı halda Mərkəzin Səyyar monitorinq qrupu tikinti obyektlərində səyyar monitorinq həyata keçirir.
Müqaviləsiz işləyənlər tapılacaq –TANIMA SİSTEMİ QURULUR
14:03
12 Okt 2017