Bu ilin oktyabr ayının 18-21 tarixində Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017”sərgisi keçiriləcək. Fed.az-ın məlumatına görə, bu il sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkəti iştirak edir. Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaqlar.
Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisində ilk dəfə iştirak edən debütantlar ilə yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər.
Bu il “WorldBuild Baku” sərgisi iştirakçılar ilə yerli distribyutorlar arasında keçiriləcək “B2B” formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənəcək. Həmçinin sərgi çərçivəsində (Azərbaycan Memarlar İttifaqı ilə birlikdə) bir sıra peşəkar tədbirlərin keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, sərgi İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir.
Bakı beynəlxalq sərgiyə hazırlaşır
15:04
12 Okt 2017