Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Niderland Krallığında və Almaniya Federativ Respublikasında səfərdə olub.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, məqsəd “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində milli statistika sisteminin inkişafı, o cümlədən turizm statistikasının Avropa standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin müzakirəsi, nəticələrin qiymətləndirilməsi və statistika təşkilatları arasında gələcək ikitərəfli əməkdaşlıq prioritetlərinin müəyyən edilməsidir.
Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov Niderland Statistika Bürosunun Baş direktoru Tjark Tjin-A-Tsoi ilə görüşüb və birgə əməkdaşlıq istiqamətləri, həyata keçiriləcək tədbirlər barədə ətraflı müzakirələr aparılıb. Görüş zamanı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Niderland Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq ilə bağlı müzakirələr aparılıb, statistika sahəsində uğurlu əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı məqsədi ilə birgə fəaliyyətin vacibliyi vurğulanıb.
Dövlət Statistika Komitəsinin nümayəndə heyəti səfər çərçivəsində təşkilatın informasiya kommunikasiya texnologiyaları, kadr potensialı, təşkilati və institusional strukturu ilə tanış olmaq, eləcə də turizm statistikası sahəsində yaxşı təcrübənin öyrənilməsi və müzakirələrin aparılması məqsədilə Niderland Statistika Bürosunun Haaqa və Heerlen şəhərlərində yerləşən ofisləri ilə də tanış olublar.
Səfər zamanı mehmanxanalar, daxili və xarici turizm statistikası, ev təsərrüfatlarında turizmə dair müayinələrin təşkili, sorğu anketlərinin dizaynı, müsahibələrin təşkili, pilot müayinələr, böyük həcmli məlumatların turizm statistikasının təhlilində rolu kimi məsələlər qarşılıqlı müzakirə edilib.
Daha sonra nümayəndə heyəti Almaniya Federal Statistika İdarəsinin Viesbaden şəhərində yerləşən ofisində olublar. Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayterlə görüşmüşdür. Görüşdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsi arasında 26 aprel 2010-cu il tarixində imzalanmış statistika sahəsində əməkdaşlıq haqqında birgə niyyət bəyənnaməsi, ondan irəli gələrək tərəflər arasında həyata keçirilmiş əməkdaşlıq istiqamətləri və gələcək fəaliyyət perspektivləri müzakirə edilib. Diter Sarrayter öz növbəsində ötən il Bakıda olarkən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildiyini xüsusi ehtiram və xoş təəsüratla xatırlayıb.
Səfərin sonunda Dövlət Statistika Komitəsinin nümayəndə heyəti ilə Almaniya Federal Statistika İdarəsinin müvafiq əməkdaşları arasında səfərin nəticələrinin ikitərəfli qiymətləndirilməsi həyata keçirilib.
Statistika Komitəsi beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir
12:19
4 Aprel 2017