Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkiləri Türkiyənin hakim partiyası olan «AK Parti»nin məğlubiyyəti, müxalifət CHP partiyasının qəbəbəsi ilə nəticələnib.
FED.az xəbər verir ki, seçkilərdə 61,4 milyon seçici səs verməli olduğu halda onun 77%-i, yəni 43 milyonu seçkilərə qatılıb. Bakı vaxtı ilə saat 02-00-a olan məlumata görə seçki bülletenlərinin 90%-nin sayılması CHP-nin qələbəsini göstərib.
Belə ki, ümumi səslərin 37,35%-ni CHP, 35,75%-ni Ak Parti toplayıb, qalan səslər digər müxalifət partiyaları arasında bölünüb.
Yeni Rifah partiyası 6%, HED parti 5,6%, Milliyyətçi Hərəkat Partiyası cəmi 4,88% səs toplayıb. Axırıncı yeri İYİ Parti tutub – 3,76%.
Əsas müxalifət partiyasının – CHP-nin namizədləri ölkənin ən mühüm 3 şəhərində – İstanbulda, Ankarada və İzmirdə qalib gəliblər.
Seçkidən sonra çıxış edən Türkiyə prezidenti, eyni zamanda AK parti-nin lideri Rəcəb Tayib Ərdoğan bələdiyyə seçkilərində partiyasının məğlubiyyətini etiraf edib: «Ak Parti» seçkiyə ciddi şəkildə hazırlaşsa da, təəssüf ki, yerli özünüidarə orqanlarına seçkilərdə istədiyimiz nəticəni qazana bilmədik. Nəticə belə oldu, hər şeydə bir xeyir var»-deyə prezident qeyd edib.