Nigeriyalı yazıçı və Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka ABŞ-da keçirilmiş prezident seçkilərində Donald Trampın qələbə qazanmasına etiraz əlaməti olaraq ABŞ-da yaşamaq imkanı verən "qrin-kart"ını cırıb atıb.
BBC-nin verdiyi xəbərə görə, 82 yaşlı V.Şoyinka, həmçinin ABŞ-da yaşamaq imkanından imtina etdiyini açıqlayıb.
O, uzun illər ərzində Sarmaşıq Liqasına (The Ivy League) daxil olan ABŞ-ın qədim universitetlərində dərs deyib. V.Şoyinka hələ seçkilərdən əvvəl D.Trampın qələbə qazanacağı təqdirdə ABŞ-ı tərk edəcəyinə söz vermişdi.
Cənubi Afrikada keçirilən Təhsil Konfransında yazıçı artıq özünü ABŞ-da rahat hiss etmədiyini bildirib.
Qeyd edək ki, nigeriyalı yazıçı Ədəbiyyat üzrə Nobel mükafatını 1986-cı ildə alıb və bu mükafata sahib çıxan ilk afrikalı yazıçı olub.