Dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir.
Bu barədə hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahdan bildirilib.
Qeyd olunub ki, bu gündən axtarış işlərinə sualtında axtarış edə bilən 4 dalğıc gəmisi cəlb olunub.
Məlumata görə, bundan başqa axtarış işlərini ətraf yataqlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin 10 gəmisi davam etdirir. Eyni zamanda FHN-in 2 helikopteri axtarışa cəlb olunub, daha 1 helikopter isə yaxın dəqiqələrdə havaya qalxacaq.