İranın Semnan əyalətinin Şahrud şəhərində Həftxan stansiyasının yaxınlığında iki sərnişin qatarı toqquşub.
Hadisə bu gün yerli vaxtla 7:40 radələrində baş verib.
Semnan-Məşhəd və Təbriz–Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb və aşıb, 2 vaqonda yanğın baş verib.
Yolların buz bağlaması yanğınsöndürənlər və xilasedicilərin hadisə yerinə vaxtında çatmasında əngəllər yaradıb. Yaralıların bəziləri helikopterlərlə xəstəxanalara çatdırılıb.
İranın Qırmızı Aypara Cəmiyyətinin baş katibi Əli Əsgər Əhmədi deyib ki, hadisə zamanı 15 nəfər həlak olub, 62 nəfər yaralanıb. O bildirib ki, toqquşma baş verdikdən sonra vaqonlarda yanğın başlayıb: “Yanğın tam söndürülməyənədək ölən və xəsarət alanlarla bağlı dəqiq rəqəm söyləmək çətindir”.
İranın Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Pirhüseyn Kulivənd isə qatarların toqquşması nəticəsində 8 nəfərin həlak olduğunu, 15 nəfərin yaralandığını deyib.