Prezident İlham Əliyev dekabrın 1-də ABŞ-ın ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunaraq enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğulayıb.
Səfir bu gün Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes forumunun əhəmiyyətini qeyd edərək bu tədbirin ölkələrimiz arasında biznes əlaqələrinin qurulması üçün yaxşı imkanlar yaratdığını deyib. O bu forumda əsas məqsədlərdən birinin Azərbaycanın üzləşdiyi çağırışların həlli yollarının müzakirəsindən ibarət olduğunu bildirib. Səfir dünyada neftin qiymətinin kəskin dəyişməsinin də iqtisadi vəziyyətə təsir etdiyini vurğulayıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il keçdiyini vurğulayan səfir bu illərdə Azərbaycanın ABŞ üçün güclü tərəfdaş ölkə olduğunu bildirib və ölkəsinin Azərbaycanda baş verən bütün müsbət dəyişiklikləri yüksək qiymətləndirdiyini deyib.
Ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunan prezident İlham Əliyev energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini, mühüm enerji layihələrinin sürətlə həyata keçirildiyini qeyd edərək hazırkı şəraitdə əsas diqqətin qeyri-neft sahəsində də əməkdaşlığa yönəldilməsinin önəmini vurğulayıb və ABŞ-la ölkəmizin qeyri-neft sektorunda daha fəal əməkdaşlığının həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı ABŞ-ın Azərbaycanın qeyri-neft sektoruna daha çox investisiya qoymasında ölkəmizin maraqlı olduğunu deyib və daha çox praktiki nəticələrin əldə edilməsinin vacibliyini bildirib. Bu baxımdan prezident İlham Əliyev ABŞ-ın orta və kiçik sahibkarlıqla məşğul olan şirkətlərinin Azərbaycanı daha çox tanımaları ilə bağlı təqdimatların keçirimlisinin önəmini qeyd edib.
Maykl Lalli isə ABŞ-ın ticarət naziri Penni Pritzkerin salamlarını dövlət başçısına çatdıraraq onun Azərbaycan-ABŞ biznes əlaqələrinə prezident İlham Əliyevin verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib. O, həmçinin Penni Pritzkerlə prezident İlham Əliyev arasında görüşün çox konstruktiv şəkildə keçdiyini vurğulayıb.
12:21
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 1-də ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.