Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramları ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 24-31 dekabrda fasiləsiz olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Kənd Təsərrüfatı Nazirliyindən "Marja"ya daxil olan məlumata görə, yarmarkalar Bakı şəhəri üzrə Xətai rayonu Məzahir Rüstəmov küçəsi, "Bakı" kinoteatrının yaxınlığı, Nərimanov rayonu Keşlə bazarının ərazisi, Səbail rayonu Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi,1, məktəbin arxası, Suraxanı rayonu Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi,4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin yanı, habelə Binəqədi rayonu Dərnəgül, Koroğlu Rəhimov küçəsi,53, Elit Ticarət Mərkəzinin yaxınlığı və Sumqayıt şəhəri üzrə (2 yerdə) 12-ci mikrorayon və köhnə avtovağzalın yanında təşkil olunacaq.
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.