Oktyabrın 31-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Fed.az-a verilən məlumata görə, komitə sədri Aydın Əliyev ilk olaraq diplomatı yeni təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan ilə Almaniya arasında uzun tarixə malik olan ikitərəfli əlaqələrdən məmnunluqla söhbət açan DGK sədri bu əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, istər siyasi, iqtisadi, istərsə də mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirmiş, əməkdaşlıq sferasının bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Azərbaycanla Almaniya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan DGK sədri A.Əliyev hələ 2007-ci ildə Almaniya Federativ Respublikası Gömrük İdarəsinin nümayəndə heyətinin Azərbaycana səfərini məmnunluqla xatırlamış, bu səfərin, eləcə də o zaman imzalanan sənədin iki ölkənin müvafiq qurumlarının qarşılıqlı əməkdaşlığında yeni bir səhifə olduğunu bildirmiş, ümumilikdə bu sahədə prespektivlərdən danışmış, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkmişdir.
Azərbaycan Gömrük Xidməti tərəfindən kadr potensialının gücləndirilməsi işinə xüsusi önəm verildiyini diqqətə çatdıran DGK sədri A.Əliyev Almaniyanın dünyaca məşhur təhsil ocağı olan Münster Universiteti ilə mövcud əməkdaşlıq əlaqələrindən də bəhs etmiş, Azərbaycanda keçirilmiş Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD konfransında, eləcə də “Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” mövzusunda Beynəlxalq Tələbə Konfransında bu ali təhsil müəssisəsinin nümayəndələrinin iştirakını münasibətlərin daha da genişləndirilməsinə verilən önəmli töhfə kimi dəyərləndirmişdir.
İstər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışan Komitə sədri son zamanlar aparılan islahatlar barəsində qonağı ətraflı məlumatlandırmış, 2016-cı ilin sonuna iki ay qalmasına baxmayaraq, gömrük orqanları tərəfindən büdcə proqnozunun yerinə yetirildiyini qeyd etmiş, cari ilin müvafiq dövrü ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, xüsusilə 1100 kq-dan artıq narkotik vasitə - heroinin aşkarlandığını, Almaniyanın “Smith Heimann” şirkətinin istehsalı olan avadanlıqların bu faktların aşkarlanmasında çox böyük faydası olduğunu bildirmişdir.
Səmimi qəbula görə təşəkkürünü bildirən Almaniya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu, ölkəmizlə tanışlığın onda xoş təəssüratlar yaratdığını ifadə etmişdir. Ölkələrimiz arasında əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir iqtisadi sferada münasibətlərin daha da genişləndirilməsinin vacibliyini önə çəkmiş, bunun üçün geniş imkanların mövcud olduğunu bildirmiş, ölkəmizdə gömrük sferasında aparılan islahatlardan razılıqla söhbət açmışdır.
Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında gömrük müstəvisində əməkdaşlıq əlaqələrinə nəzər salan Mixael Kindsqrab iki ölkənin aidiyyəti qurumlarının birgə əməkdaşlığının daha da dərinləşməsi və intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak edəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Aydın Əliyev: "Azərbaycanla Almaniya arasında əlaqələrin gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensial var"
15:11
31 Okt 2016