2018-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 568.5 mln. manat məbləğində sığorta haqları toplanıb, 186.9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası Məlumat yayıb.
FED.az-ın məlumatına görə, ötən ilin eyni dövoü ilə müqayisədə sığorta haqları 154,1 milyon manat və ya 37,2% artıb. Sığorta ödənişləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon manat və ya təqribən 1% azalıb.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i könüllü, 27%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73.5%-i könüllü, 26.5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.
Yanvar-sentyabr aylarında könüllü sığorta bazarı üzrə haqlar 414.9 mln. manat, ödənişlər isə 137.3 mln. manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü sığorta yığımları 133,3 milyon manat və ya 47,3% artıb, könüllü sığorta ödənişləri isə 10,4 milyon manat və ya 7% azalıb.
Bu dövrdə icbari sığorta bazarı üzrə haqlar 153,6 mln. manat, ödənişlər isə 49,6 mln. manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta haqları 20,9 milyon manat və ya 15,7% artıb, icbari sığorta ödənişləri isə 8,7 milyon manat və ya 21,3% artıb.